Lavrovdan Ukrayna açıqlaması: Kompromis üçün...

Rusiya tərəfi bildirir ki, Ukrayna ilə danışıqlar yaxşı getmir, lakin kompromis üçün müəyyən ümidlər var. 

Gununsesi.info xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu barədə RBC telekanalına müsahibəsində deyib.

“Mən nümayəndə heyətimizin məlumatlarını rəhbər tuturam. Onlar bəyan edirlər ki, danışıqlar məlum səbəblərə görə yaxşı getmir, lakin buna baxmayaraq, kompromis əldə etmək üçün müəyyən ümid var” – Lavrov bildirib.

Nazir əlavə edib ki, danışıqların gündəliyi bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putin tərəfindən geniş nitqlərində açıq şəkildə qeyd olunub: “Bunlar təhlükəsizliyə, Donbasda insanların həyatını xilas etməyə, Ukraynanın Rusiya Federasiyasının təhlükəsizliyinə daimi təhdid halına gəlməsinin qarşısının alınmasına və Ukraynada bütün dünyada qadağan olunmuş neonasist ideologiyasının yenidən dirçəlməsinin qarşısının alınmasına aid məsələlərdir”.

Lavrov bildirib ki, Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, amma ilk növbədə bu cür təmasların əlavə dəyərini anlamaq arzuolunandır. Onun sözlərinə görə, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ilə Türkiyədə keçirilən görüş Rusiya ilə Ukrayna arasında Belarusda başlayan danışıqları əvəz etmir. Nazir onu da vurğulayıb ki, Kuleba Antalyada baş tutan danışıqlarda heç bir yeni ideya irəli sürməyib.

Lavrov əlavə edib ki, ABŞ Kiyev hakimiyyətinin mövqeyinin müəyyən edilməsində həlledici rol oynayır: “İndi biz ABŞ-ın bu münaqişənin ən qısa zamanda həll olunmasında maraqlı olduğunu görmürük”.

Sergey Lavrov vurğulayıb ki, Moskva Ukraynada Rusiya Federasiyasının təhlükəsizliyinə təhlükə yaratmayan silah növlərini koordinasiya etməyə hazırdır: “Əlbəttə, Ukraynanın demilitarizasiyası vəzifəsini unutmayaq, Ukraynada Rusiya üçün təhlükə yaradan silah ola bilməz. Biz heç bir təhlükə yaratmayan silah növlərini koordinasiya etməyə hazırıq”.

XİN rəhbəri əlavə edib ki, bu mövzu NATO aspektindən kənarda həll olunmalıdır.

Rusiya Federasiyasının Ukraynada “xüsusi hərbi əməliyyatı”nın nəyə görə tələb edildiyi və təhlükəsizlik sahəsində məsələlərin sülh yolu ilə həllinin nə üçün mümkün olmadığı sualına Lavrov “Qərb bu vəziyyəti sülh yolu ilə həll etmək istəmədi” cavabını verib.

Rusiya XİN rəhbəri qeyd edib ki, söhbət daha çox Ukraynadan deyil, dünya nizamından gedir: “İndiki böhran müasir tarixin taleyüklü anıdır, epoxal məqamıdır, çünki o, döyüşü ən geniş mənada əks etdirir”.

Lavrov ölkəsinin Avropa Şurasından çıxmasının səbəblərini də açıqlayıb: “Bu qərar çoxdan qəbul olunub. Çünki o qurum tamamilə deqradasiyaya uğrayıb”.

S.Lavrov həmçinin rəsmi Kiyevlə davam edən danışıqlarda Ukraynanın neytral statusunun müzakirə olunduğunu bildirib.

Gununsesi.info