“Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır” – Mirzə Cəlilin Kanadadakı mühacir nəticəsi (FOTOLAR)

“Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır” – Mirzə Cəlilin Kanadadakı mühacir nəticəsi (FOTOLAR)

“Bir ailə olmağımıza baxmayaraq, illərlə bir-birimizi tanımamışıq”

“Mirzə Cəlilin adını çəkməyə qorxublar”

“Babam xəstələri pulsuz müalicə edirdi”

 

Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) – Görkəmli dramaturq və yazıçı, publisist, ictimai xadim,  Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalı.  “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ana dilinin saflığı uğrunda mübarizə apar Mirzə Cəlilin zəngin irsində azərbaycançılıq məfkurəsi  əsas yer tutub. Xаlqımızın mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa, mürtəce çаrizm siyаsətinə qаrşı inаdlа mübаrizə аpаrıb, milli mədəniyyətin yüksəlməsi üçün mühüm xidmətlər göstərib. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və oğlanları Midhət və Ənvər dünyaya gəlib. Böyük Vətən müharibəsi illərində həkim kimi ordu sıralarına çağırılan Mirzə Cəlilin oğlu Ənvər, sovet qoşunlarının tərkibində İrana gedib. Ənvər burada polyak qızı, onunla bir xəstəxanada işləyən tibb bacısı Zofya Bahrinovskaya ilə evlənib. Bu nikahdan övladları – Midhət, Nizhət, Teymur, İren Cavanşirlər dünyaya gəlib. O, heç vaxt İrandan Vətənə qayıtmayıb. Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

 

 

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraqMolla Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli ictimai xadim, maarifçi Cəlil Məmmədquluzadənin (Mirzə Cəlil) varislərinin  axtarışına çıxıb.  Mirzə Cəlilin nəvəsi Teymur Cavanşirinin Kanadaya mühacirət edən oğlu Şahin Cavanşiri saytın suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox önəmli məqamdan söhbət açıb,  Azərbaycan haqqında fikirlərini ifadə edib və ailə üzvlərinin fotolardan ibarət daha bir şəxsi arxivini təqdim edib. Qeyd edək ki, Mirzə Cəlilin Polşada yaşayan varisləri Martin Cavanşiri və oğlu Przemysłavı, İralandiyada mühacir həyatı yaşayan nəticəsi Ramin Cavanşirini də illər sonra Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq onların ailə kökləri ilə tanış olacaqsınız. 

 

 

Cəlil Məmmədquluzadənin Kanadada mühacir həyatı yaşayan nəticəsi Şahin Cavanşiri HafizTimes.com-a danışır. 

 

Gununsesi.org həmin müsahibəni sizə təqdim edir:

-Azərbaycan xalqının ailəmə olan sevgisini çox yüksək qiymətləndirirəm. Bu sevgi heç vaxt ailəm üçün mənfəətə çevrilməyib. Hər zaman gözəl sözlər kimi yaddaşlarda qalacaq. Biz heç vaxt Azərbaycanda yaşamamışıq. Buna görə də kitablarda ailəmiz haqqında nələr yazıldığını təəssüf ki, bilmirik: Həmidə xanımın taleyi necə oldu? Biz onun haqqında heç nə bilmirik. Onların adına muzey varmı? Bakıda qohumlarımız yaşayırmı? Ailəmizlə qürur duyuruq. Amma əlaqələrimizin kəsildiyinə görə çox kədərlənirik.

-Mən İranın Tehran şəhərində sevgi dolu bir ailədə dünyaya göz açdım, böyüdüm. İranda orta məktəbdə təhsil aldım. Daha sonra Kanadaya köçdüm. 10 ilə yaxındır ki, Kanadada yaşayıram. İT sahəsində çalışıram. Hazırda 43 yaşım var. Ümid edirəm ki, ailəmizin bütün üzvlərini bir gün görəcəyəm.

Təəssüf ki, Azərbaycana gedən əmim oğlu Martin Cavanşirini, oğlunu görmək şansım olmadı. Uşaq olanda Martini görmüşdüm.

 

 

Biz bilirik ki, Mirzə Cəlilin həyatı heç də rahat keçməyib. Bundan sonra oğlu Ənvər İrana köçdü. Və ailəsini qorumağa çalışdı. Mən hələ də bilmirəm ki, əmim oğlu Martin ora necə getdi? Bu bizim ailəmizin təhlükəsizliyinə təsir edə bilərdi…

Ailəmizdən təkcə bibimin yaşadığını bilirəm. Başqaları barədə məlumatlı deyiləm. Ailəmizdə heç vaxt Azərbaycan, türk dilində danışmırdılar. Buna görə də, biz Azərbaycan dilini bilmirik. O vaxtlar Azərbaycanla heç bir əlaqəmiz olmayıb. Hər yerdə Mirzə Cəlilin əleyhidarları çox olub. Buna görə də bir ailə olmağımıza baxmayaraq, bir-birimizi tanımamışıq. Diqqət çəkmək istəməmişik. Axı siz heç vaxt İranda yaşamayıbsınız…

 

 

-Niyə Kanadaya köçdünüz?

-Kanadaya oxumaq, əsasən də işləmək üçün köçdüm. Qardaşım da Britaniyaya köçüb. İllərdir ki, bir-birimizdən ayrı düşmüşük…

Mirzə Cəlilin ailəsinin üzvü olduğuma görə qürur duyuram. Azərbaycandakı insanların onu sevdiyini bilirəm. Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında, mədəniyyətində mühüm rol oynadığı da bizə məlumdur. Hərdən beynimdə Mirzə Cəlillə bağlı çoxlu suallar yaranır. Əgər Mirzə Cəlili bu qədər çox sevirdinizsə niyə axı onun həyatı çox ağır keçib? Hətta İrandakı ailə üzvlərimiz Mirzə Cəlilin adını çəkməkdən belə qorxublar.

Artıq mən də uzun müddətdir ki, İrana getmirəm. Amma gələcəkdə ora yenidən baş çəkmək fikrim var. Hazırda İranda siyasi vəziyyət çox mürəkkəbdir. Bizim İranda qohumlarımız yaşayır. Yəqin ki, onları ziyarət etməyimiz də çətinləşəcək…

 

 

-Cəlil Məmmədquluzadə sizin üçün kimdir?

-Mirzə Cəlil xürafat-cəhalətlə mübarizə aparmaq üçün canını fəda edən cəsur bir insan idi. Mən onun kimi cəsarətli deyiləm. Siyasətlə də məşğul olmuram. Ailəmizdə Mirzə Cəlilin yolunu davam etdirən birini tanımıram.

-Babanız Ənvər Cavanşirini (Mirzə Cəlilin oğlu) heç görmüsünüz? Onu necə xatırlayırsınız? Azərbaycan, ailəsi barədə sizə nə danışırdı?

-Bəli mən onu gördüm, çox bacarıqlı və mehriban bir həkim idi. Babam İranın şimalında bir çox xəstələri pulsuz sağaldıb, onlara kömək edib. Həmin xəstələrin ödəməyə pulları da yox idi. Oradakı insanlar babama inanırdılar və onu çox sevirdilər. Babam Azərbaycandakı ailəsi haqqında bizə heç danışmadı. Atam isə bizə dedi ki, o, ailəsini qorumaq hər şeyi gizli saxlayıb…

 

 

-Atanız Teymur Cavanşiri, ananız Nəsrin xanımla bağlı bilmək istərik.

-Atam çox illər öncə qəzada həyatını itirdi. Anam Nəsrin isə Britaniyada qardaşımla yaşayır. Bu barədə qardaşımla müsahibənizdə geniş məlumat veriləcək.

-Azərbaycan haqqında fikirlərinizi bilmək istərik. Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz?

-Eşitmişəm ki, Azərbaycan qonaqpərvər insanların yaşadığı gözəl bir ölkədir.  Əlbəttə ki, Bakını, Azərbaycanı çox görmək istəyərəm. Ailəmizin Azərbaycan əsilli olduğunu uşaq ikən öyrənmişdim.

Mən Azərbaycan xalqını sevirəm. Onların böyük bir hissəsi İranda yaşayır. Kökümüzün Azərbaycandan olduğunu bilmək məni qürurlandırır. Belə bir qanı daşıdığıma görə, başqa ölkələrdən olan insanlarla da daha yaxşı əlaqələr  qura bilirəm.

 

 

-Siz niyə Azərbaycana dəvət edilmədiniz?

-Bu, mənim də sualımdır. Cavabını bilmirəm. İstərdim ki, siz və ya oxucularınız mənim üçün bu suala cavab verəsiniz.

Bizi illər sonra məhz siz axtarıb tapdınız. Buna görə sizə təşəkkür edirik. Sizin göndərdiyiniz ilk mesajınız bizə çox təsir etmişdi. Ailəmizin digər üzvləri ilə 30 ildən sonra yenidən əlaqə saxlamağımıza vasitəçi oldunuz. Biz bunu heç vaxt unutmarıq. (Ünvanları, telefon nömrələrini göndərdik)

 

 

-Azərbaycana səfər etmək istərsinizmi?

-Azərbaycan mənə çox maraqlıdır. Ümid edirəm ki, nə vaxtsa bu ölkənin gözəlliklərini görmək şansına sahib olacağam.

Davamı olacaq…

 

Gununsesi.org

COMMENTS