Keçmiş nazir müavini məhkəmə qarşısına çıxarıldı

Mədəniyyət nazirinin keçmiş müavini, ötən ilin mayından həbsdə olan Rafiq Bayramovun işi üzrə məhkəmədə dindirmələr başlayıb. İyunun 3-də məhkəmədə Rafiq Bayramova da ifadə vermək təklif olunub.

Sabiq nazir müavininin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Hakimin ifadə vermək təklifinə cavab olaraq, Rafiq Bayramov bildirib ki, indiki mərhələdə ifadə vermək istəmir. O deyib ki, şahidlər dindiriləndən sonra ifadə verə bilər.

Keçmiş nazir müavinin məhkəməsi iyunun 8-də şahidlərin ifadələrilə davam etdiriləcək.

Cinayət işinin materiallarında göstərilib ki, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərindən hər ay rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.

Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb.

Rafiq Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və başqa maddələrlə ittihamlar irəli sürülüb.

Gununsesi.info