
İsrailin hakim Likud Partiyasının üzvü və bir müddət əvvəl istefa vermiş keçmiş İnformasiya naziri Qalit Distel Atbaryan baş nazir Benyamin Netanyahuya qarşı böyük qəzəbinin olduğunu və “hökumətin sayılı günlərinin” olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Netanyahunun Likud Partiyasından olan millət vəkili Atbaryanın sözləri onu tənqid edən bir israilli ilə “WhatsApp” yazışmasında ortaya çıxıb.
İsrailli sosial şəbəkə istifadəçisinin “Facebook”dakı paylaşdığı yazışmada Atbaryan baş nazir Netanyahunu hökumətdəki hərəkətlərinə və fəaliyyətinə görə tənqid edən israilli qadınla söhbətində günahlandırıb.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı hərtərəfli hücumları zamanı baş verən təhlükəsizlik uğursuzluğuna görə Netanyahunun məsuliyyət daşıdığını deyən keçmiş nazir, “Qara şənbə gününə qədər onun (Netanyahu) “cənab təhlükəsizlik” olduğuna əmin idim” deyib.
“Netanyahuya qarşı böyük qəzəbim var, içimi yandıran bir qəzəb var. Netanyahuya qarşı şəxsi qəzəbimi aylardır basdırıram, amma müharibə bitdikdən bir dəqiqə sonra hər şeyi açacağam”, – deyə o bildirib.
Həmin “WhatsApp” söhbətində Atbaryan “Bu hökumətin sayılı günləri qalıb, bu, tamamilə aydındır” deyib.
İsrailli deputat bundan əvvəl blokadada olan Qəzza zolağına qarşı “etnik təmizləmə” çağırışı ilə gündəmə gəlmişdi.
Noyabrın 1-də “X” sosial media hesabından verdiyi açıqlamada Atbaryan “Qəzza yer üzündən tamamilə silinməlidir” deyib.
Gununsesi.info