İsrail həbsxanalarında saxlanılan fələstinli qadınların sayı açıqlandı

İsrail hakimiyyəti 60 fələstinli qadını həbsdə saxlamağa davam edir.

Gununsesi.info bildirir ki, bu barədə “Anadolu” agentliyinin müxbirinə Fələstinli Əsirlər Cəmiyyətinin nümayəndəsi Amal Sarahneh məlumat verib.

Onun sözlərinə görə, onların əksəriyyəti oktyabrın 7-dən sonra işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə keçirilən reydlər zamanı saxlanılıb.

O əlavə edib ki, hazırda bölgədə ümumilikdə 3260 fələstinli həbsdədir.

Amal Sarahneh xatırladıb ki, son dörd gün ərzində İsrail HƏMAS ilə humanitar fasilə ilə bağlı razılaşma çərçivəsində 33 fələstinlini azad edib.

Bundan əvvəl İsrail hakimiyyəti Qəzza zolağında humanitar fasiləni uzatmaq üçün İsrail həbsxanalarından azad edilmək üçün 50 fələstinli qadın məhbusun siyahısını təsdiqləyib. Bu barədə ölkənin baş nazirinin ofisi məlumat yayıb.

7 oktyabr hadisələrindən əvvəl İsrail həbsxanalarında təxminən 5200 fələstinli var idi. Onlardan 1 mindən çoxu heç bir ittiham irəli sürülmədən və mühakimə olunmadan qondarma inzibati həbsdə saxlanılıb.

Oktyabrın 7-də İsrail və HƏMAS arasında münaqişə başlayandan İordan çayının qərb sahilində gərginlik artıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən indiyədək 240-a yaxın fələstinli İsrail hərbçilərinin əli ilə öldürülüb, 2850-dən çoxu isə yaralanıb.

Gununsesi.info