Gununsesi.org Musavat.com-a istinadən xəbər verir ki, bu gün İspaniya diktatoru, general Françisko Frankonun qalıqları məzarından çıxarılaraq, dövlət qəbirstanlığına aparılıb.
Məlum olduğu kimi, diktator 1975-ci ildə “Şəhidlər Vadisi” məqbərəsində dəfn edilib. Lakin bu məqbərədə Françiskonun səbəb olduğu vətəndaş müharibəsi zamanı həlak olanların 34 min nəfəri dəfn olunub. İspaniya hökuməti bu səbəbdən diktatorun mavzoleyinin bu məqbərədə olmasını doğru hesab etməyərək, onun qalıqlarının “Şəhidlər Vadisi”ndən 50 km uzaqda yerləşən, arvadının da dəfn olunduğu “El Pardo” dövlət qəbiristanlığına eskumasiya edilməsini istəmişdi. Bununla bağlı məhkəməyə müraciət edilmişdi.
Məhkəmə bu qərarı təsdiqləyincə, Frankonun ailəsi qərarla bağlı İspaniya Ali Məhkəməsinə şikayət vermişdi və diktatorun Madridin mərkəzindəki kral sarayına bitişik Almudena katolik məbədinin qəbirstanlığında – qızının yanında dəfn olunmasını istəyirdi.
Lakin İspaniya Ali Məhkəməsi də bu qərarı təsdiqdə saxlamışdı və 24 oktyabr tarixində diktatorun qalıqlarının dövlət qəbiristanlığına köçürülməsi barədə qərar qəbul etmişdi.
Qeyd edək ki, diktatorun qalıqları nəvələrinin müşayiəti ilə, vertolyotla adı çəkilən qəbiristanlığa aparılıb. Diktatorun bu dəfninə nəvələrindən başqa sadəcə bir tibb və notarius işçisi, ədliyyə naziri qatılıb.
Xatırladaq ki, Fransisko Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib. O, 1936-cı ildə İspaniyada baş tutan hərbi çevrilişin təşkilatçılarından biri olub. Bu çevriliş respublikaçılarla millətçilər arasında vətəndaş müharibəsinə gətirib çıxarıb. Üç il davam edən müharibədə milllətçi qüvvələrə rəhbərlik edən Franko qalib gəlib, İspaniya Respublikası süqut edib.
Franko ölkə üzərində nəzarəti bütünlüklə ələ keçirib, ölkədə diktatura qurulub. Bu diktatura Franko İspaniyası adı alıb. Franko İspaniyası totalitar dövlət kimi xarakterizə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, vətəndaş müharibəsi illərində respublikaçılardan 320 min, çevrilişçilərdən isə 130 min nəfər həlak olub.
Avropada Napoleon Bonapartdan sonra ən gənc – 33 yaşında briqada generalı olan Franko sonradan generalissimus rütbəsinə yüksəlib.
Gununsesi.org
COMMENTS