
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Azərbaycan İES yaşayış massivində sakinlərlə səyyar görüş keçirib.
Canlı diskusiyalar şəklində davam edən görüşlərdə aktivlik, fəallıq özünü göstərir. Sakinlər şəhər rəhbəri ilə birbaşa əlaqə yaratmaqla öz problemlərini dilə gətirir, onun həll edilməsinə səy göstərirlər. Məhz belə görüş hər iki tərəfin marağı ilə davam edir.
Aprelin 21-də Energetiklər qəsəbəsindəki 4 nömrəli tam orta məktəbdə təşkil olunan səyyar görüş də bu baxımdan diqqəti cəlb edirdi. Bəri başdan qeyd edək ki, görüşə əsasən məktəbə yaxın olan Cəmil Əliyev küçəsindəki yaşayış binalarının sakinləri dəvətli idilər. Amma görüş başlanarkən məlum oldu ki, buraya şəhərin müxtəlif ərazilərində yaşayan sakinlər də gəlmişlər. Məqsəd onları narahat edən məsələlərə aydınlıq gətirməkdir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məktəbin akt zalına toplaşan sakinləri salamladıqdan sonra ölkədə və şəhərimizdə həyata keçirilən tədbirlərdən bəhs edərək cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində Vətənimizin gündən-günə inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusilə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra burada böyük quruculuq işlərinin aparıldığını, doğma Qarabağımıza yeni nəfəs gəldiyini vurğuladı. Artıq bu ərazilərdə böyük layihələrin həyata keçirilməsi uğurla davam edir. Azərbaycanın ev sahibliyi ilə Qarabağımızda möhtəşəm Beynəlxalq tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, yeni layihələrin icrasından danışdı. Sakinlərin məmnunluq hisslərini artırmaq üçün cənab Prezidentin tapşırıqlarının layiqincə yerinə yetirildiyini nəzərə çatdırdı. Bildirdi ki, bütün bunlar şəhər sakinlərinin yaxından köməyi, diqqət və qayğısı, təklif və mülahizələri sayəsində mümkün olur. Şəhər İcra Hakimiyyəti olaraq işlərimizi belə səyyar görüşlər zamanı irəli sürülən fikirlər, məsləhət və tövsiyyələr əsasında qururuq.
Görüşdə sakinlərdən Musa Rzayev, Həsən Əliyev, Elçin Əliyev, Elvin Abdurahimov, Roza İsmayılova, Sani Əhmədov, Rəfael Əhmədov, Coşqun Mütəllimov, Əbülfət Babayev, Xəyyam Əliyev, Röyal Əliyev, Elşən Əsədov, İbrahim Əhmədov, Səyyaf Quliyev, Niyazi Muxtarov çıxış edərək onları narahat edən məsələlərə toxundular, bir sıra vacib problemlərin yerindəcə həll olunmasını istədilər. Diqqət əsasən yaşayış binalarında su-kanalizasiya sisteminin bərbad olmasını, işıqlandırmanın zəifliyinə, işsizliyə, sosial müavinat və mənzil təminatına, istilik sisteminin tələbata cavab verməməsinə, yaşıllıqların qorunmasına və suvarılmasına, yollara asfalt örtüyünün çəkilməsinəyönəldildi.
İcra Hakimiyyətinin başçısı sakinləri diqqətlə dinləyərək qaldırılan hər məsələyə xüsusi münasibət bildirdi və görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə məsələlərin vaxtında həlli ilə bağlı müvafiq tapşırıqlar verdi. Sakinləri əmin etdi ki, onların problemləri nəzarətə götürülərək yerindəcə həllini tapacaq.
Gununsesi.info