
Hollandiyanın Fiskal İnformasiya və Təhqiqat Xidməti (FIOD) Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, üçüncü ölkələr vasitəsilə Rusiyaya təyyarə hissələrini ixrac etməkdə ittiham olunan Müdafiə Nazirliyinin əməkdaşını həbs edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Arnhemdən olan 48 yaşlı kişi avqustun sonunda həbs edilib. Müdafiə Nazirliyinin rəsmisinin izinə düşmək üçün müstəntiqlərə lazımi məlumatları verən onun 53 yaşlı şəriki bir gün əvvəl nəzarətə götürülüb.
“İstintaq məlumatları avqustun 30-da Arnhemdən olan 48 yaşlı kişinin yaşadığı evdə axtarış aparılıb və həbs edilib. O, şirkətləri vasitəsilə Rusiyaya təyyarə hissələri ixrac etməklə sanksiyalar haqqında qanundan yayınmaqda şübhəli bilinir”, – FIOD bildirib.
“Onun yaşadığı ünvanda sənədlər, rəqəmsal saxlama daşıyıcıları və döyüş sursatları götürülüb. Həmin şəxs Müdafiə Nazirliyində işləyir”, – qurumdan əlavə ediblər.
Hər iki şəxs Ukraynada genişmiqyaslı müharibənin başlamasından və ötən ilin fevralında Aİ sanksiyalarının tətbiqindən sonra üçüncü ölkələr vasitəsilə Rusiyaya ehtiyat hissələri ixrac etməkdə ittiham olunur.
Bu xəbər Latviyanın “iStories” araşdırma saytı Qərb şirkətlərinin Litva şirkətləri də daxil olmaqla üçüncü ölkələr vasitəsilə Rusiyaya təyyarə ehtiyat hissələrini necə ixrac etdiyi barədə material dərc etdikdən bir həftə sonraya təsadüf edir.
Həftələrlə davam edən danışıqlardan sonra Aİ-yə üzv ölkələr iyun ayında Aİ şirkətlərinin üçüncü ölkələr vasitəsilə sanksiyalarından yayınmağa yönəlmiş Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Xəbər verildiyi kimi, genişmiqyaslı müharibə başlayandan bəri Latviyanın Dövlət Gəlirləri Xidməti sanksiyaların pozulması ilə bağlı 200-dən çox cinayət işi açıb, lakin hələ də bir ixracatçını cəzalandıra bilməyib.
Səid Əhmədli
Gununsesi.info