
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri, tanınmış ictimai xadim Eldəniz Quliyevin şikayəti üzrə qərardad çıxarıb.
Gununsesi.info alim.az-a istinadən bildirir ki, “Eldəniz Quliyev Azərbaycana qarşı” adlı işdə söhbət tanınmış ictimai fiqurlardan olan ərizəçinin yazılarına görə, cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır. Ərizəçi sonradan xəbər portallarında dərc edilmiş Facebook ststusuna görə, Daxili İşlər Naziri tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Ərizəçi paylaşdığı məzmunda daxili işlər nazirinə müraciət edib və şahidi olduğu yol-nəqliyyat hadisəsi zamanı yol polisinin davranışını tənqid edib və bunu qanunsuz və qeyri-etik qiymətləndirmişdi.
Nəsimi Rayon Məhkəməsi ərizəçini böhtan və təhqirdə təqsirli hesab etmiş, onun 480 saat ictimai işlərə cəlb edilməsini və 1000 Azərbaycan manatı məbləğində təzminat ödəməsini nəzərdə tutan hökm çıxarmışdı. Ərizəçi AİHM-də ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirmişdi.
Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməni nəzərə alan məhkəmə, ərizənin siyahıdan çıxarılmasına qərar verib. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2700, hüquqi xərclər əvəzi 450 avro ədəməlidir.
Ərizəçini AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.
Gununsesi.info