Gürcüstanda torpaq sürüşməsi zamanı ölənləri sayı 8 nəfərə çatdı

Gürcüstanın Baqdati bələdiyyəsinin Nergeti kəndində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha bir itkin düşmüş şəxsin axtarışları davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstanın Ətraf Mühit Agentliyi daha əvvəl bəyan edib ki, Nergeti kəndində sürüşmə prosesinin yaranması və intensivləşməsi fevralın 5, 6 və 7-də yağan güclü yağıntılarla bağlıdır. Kutaisi, Zestafoni və Dimidəki meteostansiyalar yağıntının miqdarının 80-100 mm olduğunu göstərib ki, bu da fevral ayının iqlim normasının təxminən 50-80 faizini təşkil edir.

Gürcüstanın regional inkişaf nazirinin birinci müavini İlya Beqiaşvili bildirib ki, bu kəndin sürüşmə zonasına daxil olması barədə məlumat yoxdur.

Xatırladaq ki, fevralın 6-dan 7-nə keçən gecə Gürcüstanın qərbində yerləşən Baqdati bələdiyyəsinin Neergeti kəndində torpaq sürüşməsi baş verib. Həmin gün təbii fəlakətdə dörd nəfərin öldüyü bildirilirdi.

Ötən il avqustun əvvəlində Gürcüstanda Şovi kurort kəndində torpaq sürüşməsi nəticəsində 32 nəfər, o cümlədən ukraynalı media işçisi və ailəsi həlak olub.

Gununsesi.info