
Gürcüstanda NATO-ya üzv ölkələrin hərbçilərinin iştirakı ilə “Troya izi” adlı çoxmillətli hərbi təlim keçirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi və ABŞ səfirliyi məlumat yayıb.
“Gürcüstan üçüncü dəfə təlimdə iştirak etməklə, müdafiə qabiliyyətini və NATO-ya üzv ölkələrlə qarşılıqlı fəaliyyət qabiliyyətini daha da gücləndirəcək. “Troya izi” təliminə ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığı rəhbərlik edir”, – ABŞ səfriliyinin məlumatında deyilir.
Təlimlər eyni vaxtda üç ölkədə – Rumıniya, Yunanıstan və Gürcüstanda keçirilir. Gürcüstanda keçirilən təlimlərdə ABŞ, Böyük Britaniya, Rumıniya, Polşa və İspaniyadan olan xüsusi təyinatlıların nümayəndələri iştirak edir.
Təlimlərə Gürcüstan Müdafiə Nazirliyinin ərazi müdafiəsinin ehtiyat hissələri və könüllü təşkilatların nümayəndələri də qatılacaq.
Hərbçilər Gürcüstanın həm şərqində, həm də qərbində quruda və dənizdə müxtəlif tapşırıqları yerinə yetirəcəklər.
Xatırladaq ki, bazar ertəsi 13 ölkədən 20 mindən çox əsgər Finlandiya, Norveç və İsveçin şimal bölgələrində NATO təlimlərində iştirak etməyə başlayıb.
Fevralın sonunda Polşa polisi NATO-nun genişmiqyaslı təlimlərinin Polşa bölməsinin bir hissəsi olaraq ölkənin yollarında çoxlu sayda hərbi texnikanın müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info