Gürcüstanda Antikorrupsiya Bürosu ləğv edilir

  • By Ayshan
  • 17 Noyabr 2025 20:20

Gürcüstan hakimiyyəti Antikorrupsiya Bürosunun ləğv edildiyini rəsmi şəkildə bəyan edib. Bu qərar bir həftədir davam edən və qurumun rəhbəri Rajden Kupravaşvilinin vəzifədən azad olunması və ya qurumun digər dövlət strukturlarına birləşdirilməsi ilə bağlı yayılan məlumatlardan sonra açıqlanıb.

Parlament sədri Şalva Papuaşvili bazar ertəsi bildirib ki, büro tam şəkildə ləğv olunacaq və onun funksiyaları gələn ilin martın 2-nə qədər Dövlət Audit Ofisinə ötürüləcək.

“Antikorrupsiya ilə mübarizə hökumətin əsas prioritet istiqamətlərindən biridir”, – deyə o, “IPN”ə açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Antikorrupsiya Bürosu əsasən dövlət rəsmilərinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının maliyyə deklarasiyalarının toplanması və monitorinqi ilə məşğul olurdu.

“Əldə olunan qənaətə görə, bu funksiyanın idarəetmə baxımından daha yüksək və müstəqil konstitusion orqan olan Dövlət Audit Ofisinə verilməsi daha məqsədəuyğundur”, – Papuaşvili bildirib.

Parlament sədri həmçinin əlavə edib ki, hökumət yaxın gələcəkdə İnformasiya Mühafizəsi Xidmətinin də ləğv edilməsini və onun səlahiyyətlərinin 2026-cı ildən etibarən Auditor Palatasına verilməsini planlaşdırır.

“OC Media”nın məlumatına görə, noyabrın 11-də müxalifətə yaxın “Formula TV” kanalı Antikorrupsiya Bürosunun rəhbəri Kupravaşvilinin vəzifədən azad edildiyini iddia edib. Həm Papuaşvili, həm də Kupravaşvili xəbəri təkzib ediblər. Kupravaşvili “qurum mövcud olduğu müddətdə rəhbər vəzifəsində qalacağını” söyləyib.

Kupravaşvilinin vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər fonunda “Kommersant” nəşri mənbələrə istinadən yazıb ki, iqtidarın tam nəzarətində olan parlament büronun ləğvini və onun funksiyalarının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Dövlət Audit Ofisinə verilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.

Antikorrupsiya Bürosu və rəhbər Kupravaşvili son illərdə Gürcüstanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan yoxlamalarda mühüm rol oynayıb. Noyabrın əvvəlində “Indigo” jurnalı donor maliyyəsinin dövlət təsdiqi olmadan qadağan edildiyi qrantlar haqqında qanun əsasında büro tərəfindən yoxlanılan son təşkilatlardan biri olub.

Gununsesi.info