“ABŞ İsrailin güclənməsi üçün hərbi və maliyyə yardımlarını davam etdirəcək” -SİYASİ ŞƏRHÇİ

İsrail ABŞ-la 20 illik hərbi yardım müqaviləsi imzalamaq niyyətindədir.

“Axios” nəşrinin məlumatına görə, İsrail ildə ən azı 4 milyard dollar yardım istəyir, lakin Tramp administrasiyasının xarici yardımı azaltması danışıqları çətinləşdirə bilər.

Maraqlıdır, belə bir vəziyyətdə İsrailə dəstək gələcəkmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İsrailə hərbi və maliyyə yardımı heç vaxt mübahisə mövzusu olmayıb:

“2016-cı ildə tərəflər arasında 38 milyard dollar həcmində müqavilə imzalanıb. Buna əlavə olaraq, 5 milyard dollarlıq raketdən müdafiə sistemi ilə bağlı müqavilə də mövcuddur.

2023-cü ildən ötən günə qədər ABŞ İsrailə 22 milyard dollar həcmində hərbi və digər yardımlar göstərib. Bu baxımdan ehtimal etmək olar ki, ABŞ İsrailin güclənməsi üçün hərbi və maliyyə yardımlarını davam etdirəcək. Çünki İsrail regionda ABŞ-ın əsas bazası, əsas qüvvəsi və əsas müttəfiqidir”.

Siyasi şərhçi qeyd edib ki, bunu qorumaq ABŞ-ın həm regiondakı maraqlarının müdafiəsi, həm də İsrailin təhlükəsizliyinin təminatı deməkdir:

“Bu səbəbdən belə bir məsələdə mübahisə gözlənilmir”.

Şəbnəm

Gununsesi.info