Gürcü hökuməti azərbaycanlılarla ermənilər arasında ayrı-seçkilik edir

  • By admin
  • 07 Aprel 2024 08:43

Futbol bitdi, gəlin, indi sizi real dünyaya qaytarım.

 

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TSU) keçmiş rektoru Giorgi Şarvaşidze 1 ildir ki, Gürcüstanın Ermənistandakı səfiri vəzifəsində çalışır. Bu vəzifəyə təyin edildikdən sonra, qısa müddət ərzində Gürcüstanla Ermənistan dost ölkə statusundan strateji partnyor statusuna keçdi. Başımız futbola qarışdığı gün isə Yerevan Dövlət Universitetində “Gürcüşünaslıq” mərkəzinin açılışını etdilər. Cənab səfir Şarvaşidzenin uzun müddət rektor olduğu universitetdə isə illərdir “Ermənişünaslıq” ixtisası mövcuddur. Bu ixtisası bitirən ermənilər Gürcüstanda fəaliyyət göstərən ermənidilli məktəblərdə “erməni dili və ədəbiyyatı” müəllimi kimi fəaliyyət göstərə, eyni zamanda baş müəllim statusunu alaraq yüksək maaş almaq imkanlarından yararlana da bilərlər.

 

Azərbaycanlılar üçün belə imkanlar mövcud deyil, Gürcüstanda heç bir universitetdə nə “Azərbaycanşünaslıq”, nə də “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisası mövcud deyil. Gənc müəllimlər isə statussuz müəllim olaraq, az maaşa işləmək məcburiyyətində qalırlar, karyera yüksəlişi imkanları yoxdur. Yaxşı imkanlar ələ düşəndə isə diskriminasiya ucbatından məktəbi tərk edirlər. Sonra da deyirlər ki, niyə müəllim olmaq istəmirsən…

 

Biz isə təhsil problemlərimizi həll etmək üçün, azərbaycandilli məktəblərimizi qorumaq üçün, istedadlı, keyfiyyətli kadrlar yetişdirmək üçün Azərbaycan-Gürcüstan Universitetinin açılmasını tələb etdik, bu məsələ icmada böyük əks-səda doğurdu. Mənim təşəbbüsümlə imzatoplma aksiyasına başladıq, təsəvvür edin ki, hətta xarici ölkənin vətəndaşları belə (ABŞ) məmnuniyyətlə gəlib imza atırdı.

 

Universitet istədik, əvəzində balaca bir “Azərbaycanşünaslıq” departamentinin açılacağı ilə sakitləşdirməyə çalışdılar. Univetsitetin açılması tələbi böyükdən kiçiyə hər kəsin ürəyincə idi, hər kəs böyük məmnuniyyətlə imzatoplama aksiyasına qatılmışdı (2-3 nəfər mənşəyi bəlli olmayan ünsürdən başqa). Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi o qədər hiddətlənmişdi ki, mənimlə dərhal görüşmək istədiklərini söyləmişdilər. Nazirlikdə görüşdük, danışdıq, axırda da dedilər ki, TSU nəzdində Azərbaycanşünaslıqla bağlı bir departamentin açılması nəzərdə tutulur. Amma illər bir-birini əvəz edir, bu mövzu isə çeynənməkdə davam edir, heç bir irəliləyiş isə hələ ki, yoxdur.

 

Aygül İsayeva