
Martın 16-da Göygöl rayonunda Aşıq Şəmşirin abidəsinin önündə XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şeirinin ustadlarından olan Aşıq Şəmşirin anadan olmasına həsr olunmuş tədbir kecirilib.
Gununsesi.info bildirir ki, tədbirin keçirilməsini “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi təşkil edib.
Tədbirdə çıxış edən natiqlər Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustadı, qədim saz havalarının və dastanların mahir ifaçısı, el sənətkarı, daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edən Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin yaradıcılığından bəhs ediblər. Natiqlər saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıblar.
Çıxış edənlər bildiriblər ki, elə sənətkarlar var ki, onlar sənət möhürlərini tarixin yaddaşına həkk edərək ölməzlik qazanırlar. Aşıq Şəmşir də belə sənətkarlardandır. O, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan ustad aşıqlardandır.Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb.
Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (Dədə Şəmşirin) anadan olmasında 131 il ötür.
Dədə Şəmşirin qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə bir çox şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Aşıq Şəmşirin yaradıcılığını dövlətimizin başçısı cənab İlham Əliyev yüksək dəyərləndirib və 2018-ci ildə Dədə Şəmşirin 125 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı, sərəncam imzalayıb. Ulu Öndərimiz Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət verib, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar verib. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.
Erməni girovluğunda qalan görkəmli sənətkarın məzarı və doğma yurdu Kəlbəcər erməni əsarətindən dəmir iradə və dəmir yumruğa sahib Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli oğullarımızın sayəsində azad edilib. Dədə Şəmşirin növbəti anım günləri və eləcə də yubileyləri böyük sənətkarın doğma yurdunda qeyd olunacaq və Kəlbəcər rayonunda Aşıq Şəmşir məktəbinin yenidən onlarla saz-söz sərrafı yetişdirəcək.
Tədbirdə aşıqların ifasında saz havaları səsləndirilib.
Gununsesi.info