Fermerlər yola çıxdı: Paytaxtı “mühasirəyə” alacaqlar

İtaliyada Avropa İttifaqının (Aİ) əkinçilik siyasətlərinə etirazlarını davam etdirən bəzi fermerlər traktor karvanı ilə paytaxt Romaya doğru gedir.

Gununsesi.info xəbər verir ki, Toskana və İtaliyanın digər bölgələrindən olan fermerlər traktorları ilə konvoy təşkil edərək Romaya doğru irəliləməyə başlayıblar.

Önümüzdəki günlərdə Roma sərhədlərinə çatması gözlənilən fermerlərin son həftələrin ən böyük etirazını təşkil edəcəyi gözlənilir.

Fermerlər öz traktorları ilə paytaxtın mərkəzinə girməyəcəklərini, Roma kənarında etiraz aksiyası keçirəcəklərini bildiriblər.

İtaliyanın “La Stampa” qəzetinin məlumatına görə, bir fermer “Romanı mühasirəyə alacağıq. Bunu təkcə traktorlarla və bir neçə gün ərzində etməyəcəyik” deyib.

İtaliyanın baş naziri Giorgia Meloni Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi sonrası verdiyi açıqlamada Aİ-nin kənd təsərrüfatı siyasətlərində səhvlər etdiyini və bunların dəyişdirilməsi lazım olduğunu bildirib.

Almaniya, Fransa, İspaniya, Hollandiya, Belçika, Polşa, İtaliya və Macarıstan başda olmaqla bir çox AB ölkələrində fermerlər son zamanlar həyata keçirilən kənd təsərrüfatı siyasətlərinə reaksiya verirlər.

Fermerlərin tənqid etdiyi məsələlər arasında Aİ-nin kənd təsərrüfatı siyasəti, təbiətin bərpası hədəfləri, dəstək ödənişlərində azalmalar, Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan yüksək enerji, yanacaq və gübrə xərcləri, Ukraynadan ucuz taxıl məhsulları və suya qənaət tədbirləri var.

Keçən ildən bəri bütün Avropada fermerlər yanacağın qiymətləri, vergilərin artırılması və dəstək ödənişlərinin yetərli olmadığını əsas gətirərək dövlət qurumları və müxtəlif təşkilatların qarşısına palçıq və ya gübrə tökərək və ya yolları bağlayaraq etiraz aksiyası keçirirlər.

Avropalı fermerlər Aİ-ni “Yaşıl Sövdələşmə çərçivəsində karbon gübrələri və pestisidlərin istifadəsi ilə bağlı sərt qaydalar tətbiq etməklə kənd təsərrüfatı istehsalını çətinləşdirdiyinə” görə tənqid edirlər.

Polşa və Rumıniyada ucuz Ukrayna taxılının idxalına qadağa tələbi ön plana çıxsa da, Fransada yanacağın qiymətinin artırılması və Aİ-nin “Yaşıl sövdələşmə” proqramı və xərclərin artması İtaliyada reaksiyaların mərkəzindədir.

Gununsesi.info