Fazil Mustafadan ETİRAF: Heydər Əliyevə atılan böhtanların başında…

“Heydər Əliyev ömrünün ən önəmli hissəsi peşəkar çekist kimi fəaliyyətlə bağlıdır. Çekistlər yaşamla ölüm arasında məsafəni peşə gərəyi itirmiş nadir şəxslər olurlar. Bəlkə də bu sferadan deyil, pedoqoji sahədən və ya birbaşa partiya, yaxud emosional hərbçi sferasından siyasətə gəlsəydi, bu qədər amansız dalğaların qarşısında duruş gətirməkdə çətinlik çəkərdi. O, yaşamağa hazırlaşdığı soyuqqanlılıqla ölümə də hazırlaşmışdı. Ona görə də KQB-nin qapalı liderliyindən Azərbaycan Kommunist Partiyasında açıq liderliyə transferində təcrübə çətinliyi yaşamadı. O, sovet represiyasının mahiyyətini də, stalinizmi də, bağırovçuluğu da dərindən bilirdi, Xruşov dövrünün aldatmaca yumşaqlığının da, Brejnev dövrünün konformizminin nəticələrini də proqnozlaşdırmaqda çətinlik çəkmirdi”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Fazil Mustafa Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda bildirib.

HTML tutorial

O deyib ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçiləndə iki müavinini keçmiş kommunistlərdən, ikisini də hərəkatçılardan seçərkən siyasi-ideoloji platformada uzlaşma modelini əyani şəkildə təqdim etmişdi.

“Sonrakı hadisələr göstərdi ki, məhz bu uzlaşmanın olmaması ölkəmizdə daxili qarşıdurmanın, habelə ərazi itkilərinin əsas səbəbi oldu. Biz Heydər Əliyevin içində yaşatdığı real Azərbaycanı görə bilmədik. Bizim içimizdəki Azərbaycan dünyadan tədric olunmuş xəyali bir məkan idi. Bu məkanı hansısa dövlətin üzərindən gah Cənubla birləşdirirdik, gah da bölgədə sərbəst hərəkət trayektoriyası ilə Turana qoşurduq. Heydər Əliyevin içində yaşatdığı Azərbaycan isə ilk növbədə imperiya mərkəzi olan Moskva ilə münasibətləri ağıllı şəkildə çözməli idi. Bunu çözmədən Azərbaycanın varlığı hər zaman təhlükə altında qala bilərdi. Biz duyğularımızın diqtəsi ilə Moskvadan köntöy formada qopmaq istəyirdik və bunun faciəli nəticəsini proqnozlaşdırmaq ağlımıza da gəlmirdi. Heydər Əliyev isə təhlükəsiz və tədricən üzülüşmə yolunu düşünürdü. Zaman göstərdi ki, məhz bu üzülüşmə yolunun bir müddət sürəcəyini anlayan siyasi düşüncə Azərbaycanın müstəqilliyini daha çox maddiləşdirə bildi”.

“Açığı, biz Heydər Əliyevin kommunist partiyası liderindən müstəqil dövlətin liderliyinə transformasiyasına heç cür inana bilmirdik. Yəni dəyişə biləcəyinə inana bilmirdik. Ona atdığımız təbliğat böhtanlarının başında əsasən “o, rus ordusunu təkrar Azərbaycana qaytaracaq, Qarabağı heç vaxt qaytarmağa çalışmayacaq” kimi tezislər gəlirdi. Zaman böyük siyasət adamı Heydər Əliyevə qarşı inkarçılığa, ədalətsiz tənqidə və bəzən də təhqirə qədər varan müxalifətçiliyimizin iflasını bizlərə göstərdi”,- deyə deputat çıxışında önəmli nüanslara toxunub.

Gununsesi.info