“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yolu yoxdur” -Deputat

“Təxribatların iki səbəbi ola bilər. Birincisi, görünür, Ermənistan baş naziri orduya tam nəzarət edə bilmir və ordu siyasi hakimiyyətdən kənar, öz təxribatlarını həyata keçirir. İkincisi isə ola bilsin, sözdə Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduqlarını bildirsələr də, digər tərəfdən təxribata əl ataraq, vaxt qazanmağa çalışırlar. İstənilən halda Ermənistan sülh müqaviləsinin bağlanmasını ləngitmək, məsuliyyəti Azərbaycanın üstünə atmaq istəyir”.

Bu sözləri Modern.az-a Rusiya hərbçilərinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindən ordumuza qarşı təxribatların törədilməsi, əsgərimizin şəhid olması haqda danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistan sanki sirli qüvvə gözləyir ki, Azərbaycana qarşı çirkin niyyətlərinə dəstək versin.

“Ermənistan anlamalıdır ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Öz müstəqilliyini, ərazi bütövlüyünü təmin etmiş, özünün suveren hüquqlarını müdafiə edən dövlətdir. Dünya dövlətləri Azərbaycanın haqq işini dəstəkləyir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yolu yoxdur. Ermənilər bilməlidir ki, çirkin oyunları ilk növbədə özünə böyük zərər vuracaq.

İrəvan Azərbaycanın təşəbbüskarı olduğu iqtisadi layihələrdən, Zəngəzur dəhlizinin ona verə biləcəyi faydalardan kənarda qalır, zəifləyir, əhalisi köçür. Erməni təxribatlarına xaricdən hansısa qüvvənin dəstək verəcəyini gözləyir. Onlar ilk növbədə Azərbaycanla münasibətlərinə aydınlıq gətirməlidir. Bu, özü üçün lazımdır. Bəyanatları ilə hərəkətləri uyğun olmalıdır. Bunu görmürük. Azərbaycan isə özünün gücünü bütün sahələrdə – siyasətdə, hərbdə, diplomatiyada və s. ortaya qoyur. Ermənistanın təxribatlarının qarşısı alınır, istənilən hərbi təxribata anında cavab verilir. Əsgərimizin itkisi tək onun ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük itkidir. Ermənistan bilməlidir ki, cavabını ağır şəkildə alacaq”, – deyə deputat ermənilərin Laçın təxribatına münasibət bildirib.

Təxribatların rus hərbçilərin müvəqqəti nəzarət etdiyi ərazilərdən həyata keçirilməsinə gəlincə, deputat qeyd edib ki, Rusiya ilə bununla bağlı ciddi iş aparılır:

“Prezident İlham Əliyev vaxtaşırı çıxışlarında bildirir ki, Rusiya ilə danışıqlar aparılır. Erməni hərbi dəstələrinin, qanunsuz birləşmələrin çıxarılması müzakirə edilir. Rusiya prosesin hətta iyul ayında başa çatacağına söz vermişdi. Rusiya təkcə sülhü qorumalı deyil, yerləşdiyi Azərbaycan ərazilərində digər ölkələrə məxsus və qeyri-qanuni silahlı birləşmələrin fəaliyyət göstərməsinin qarşısını almalıdır. Azərbaycan Rusiya tərəfindən “10 noyabr” bəyannaməsinin tamamilə yerinə yetirilməsini gözləyir. Bununla bağlı Rusiya ilə sıx əlaqədəyik”.

Xatırladaq ki, avqustun 3-də Azərbaycan Ordusunun əsgəri şəhidlik zirvəsinə yüksəlib.

Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. 4 aydır ki, xidmət edən A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.

Gununsesi.info