
Gəncədə keçmiş polis əməkdaşı görünməmiş olayla üzləşib.
Gəncə sakini Vaqif Məmmədovun Gununsesi.info-ya verdiyi məlumata görə, ona məxsus avtomobul Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində onun xəbəri olmadan başqasının adına sənədləşdirilib: “Mən şəxsi avtomobilimi Gəncədə avtomobil salonunda satışa qoymuşam. Həmin maşın tranzit nömrə ilə mənə məxsus olub. Həmin salonun Həsən Həsənov adlı sahibi maşınımı Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində Arif adlı polis inspektoru ilə əlbir olaraq, özünün yaxın dostu Anar adlı şəxsin adına sənədləşdirib. Ortada qrup şəkilində bir cinayət hadiəsi baş verib. Təəssüf ki, şikayətlərimə baxılmır. Mən sizin media vasitəsilə cənab nazirimiz Vilayət Eyvazova müraciət edirəm. Bilirəm ki, cənab nazir polis orqanlarında baş verən neqativ olaylara göz yummur”.
9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Eldar Əliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır: “Burada məsuliyyət avtosalonun üzərindədir. Həmin saxta sənədi salon hazırlayıb. Bütün hallarda prokurorluq bu məsələni araşdırır və hüquqi qiymətini də verəcək”.
Vaqif Məmmədov isə deyir ki, DYP onun özünün iştirakı olmadan bunu edə bilməzdi.
Elmar Elnuroğlu
Gununsesi.info