Dünya azərbaycanlılarının həmrəyliyi: Bu birliyə necə nail olunur? - AÇIQLAMA

Dünya azərbaycanlılarının birliyini, həmrəyliyini  təmin edilməsi istiqamətində yürüdülən siyasət cənab Prezidentin  xarici siyasətinin ana xəttini təşkil edir. Məhz bu istiqamətdə yürüdülən siyasət nəticəsində Azərbaycanın daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir. Bunun nəticəsidir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız Azərbaycanı öz dogma Vətəni hesab edir. Biz bunun istər İkinci Qarabağ savaşı və ondan sonrakı dövrdə, istərsə də  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında şahidi olduq.

Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyir ki, dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması istiqamətində siyasətin bünövrəsi ümummilli lider Heydər Əliyevin dövründə qoyulub.

“Ulu öndər Heydər Əliyev 1991-ci ilin dekabrın 16-da  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarakən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edərək, 6 bənddən ibarət qərar qəbul etdi. Bundan sonra dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması istiqamətində ciddi işlər görülüb. Məhz dünya azərbaycanlıların birinci qurultayı da  Ulu öndər Heydər Əliyevin  qərarı ilə keçirilib.

Aydın Hüseynov

Bünövrəsi Ulu öndər tərəfindən qoyulan bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Dövlət xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha tanıtmaq üçün müxtəlif tədbirlər görür”, – o qeyd edib.

Deputat əlavə edib ki, bu istiqamətdə yürüdülən siyasət öz bəhrəsini verib və verməkdədir: “Dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırmaq, ölkəmizə qarşı ikili yanaşmaları dəyişmək mümkn olub. Xüsusən də Ermənistanın Azərbaycana qarşı işğlaçılıq, soyıqırm və tariximizi təhrif edilməsi istiqamətindəki fəaliyyəti  xaricdəki soydaşlaırmızın birgə səyi ilə darmadağın edilib. Azərbaycan xaricdəki soydaşlaırmızın bu potensilaından faydalanıb və faydalanmaqdadır.

Ona görə də dövlətimiz bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyanı yerinə yetirməyə çalışır. Çünki sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir. Odur ki, dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına, taleyin hökmü ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıtmasına dəstək verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi yenilməz ordumuza dünya azərbaycanlılarının göstərdikləri mənəvi dəstək 44 günlük Vətən müharibəsində Qarabağın və Şərqi Zəngəzurun Ermənistanın 30 illik işğalından qurtarılmasına, eyni zamanda 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri  çərçivəsində Azərbaycanın öz ərazisində tam suveren hüquqlarının bərpa olunmasına geniş  töhfələrini verib.

Dünya azərbaycanlılarının həmrəyliyi və tarixi Vətənə bağlılığı şanlı Zəfərin davamı olan Böyük Qayıdışın və  soydaşlarımızın öz ata yurdları olan Qərbi Azərbaycana qayıdışının da uğurla nəticələnəcəyinə möhkəm inam yaradır. Məhz birliyimiz və həmrəyliyimiz nəticəsində döyüş meydanında  qələbə çalan xalqımız,  həmrəyliyini daha da möhkəmlətməklə növbəti hədəflərə nail olub yeni-yeni uğurlar, qələbələr, zəfərlər əldə edib zirvələri fəth edəcək. Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə bölgəmizdə dayanıqlı sülhü, sabitliyi və gələcək uğrulu inkişafını  təmin edəcək”.

Milli Məclisin deputatı Kamran Bayramov Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu gün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var.

“Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, bu dəyərlərin daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər”, – deyə o əlavə edib.

Kamran Bayramov

Deputat bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi olan Ulu öndər Heydər Əliyev eyni zamanda bu birliyin institutlaşması prosesinin də əsasını qoyub: “Məhz Ulu öndərin yürütdüyü məqsədyönlü siyasət nəticəsidə qısa zaman ərzində dünya azərbaycanlılarının təşkilatlandırılması mümkün oldu. Bu istiqamətdə həm institulaşma, həm də qanunvericilik bazası yaradıldı. Dünya azərbaycanlıları diaspor təşkilatı kimi  beynəlxalq arenda aktiv fəaliyyətə başladı. Azərbaycan diaspor təşkilatlaırnın sayəsində haqq səsimiz dünyaya çatdırılmağa başlanıldı. Ölkəmiz haqqında formalaşdırılan  fikir dəyişməyə başladı.

Bu siyasət növbəti mərəhələdə  Prezident İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilməkdədir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir.

İndi isə əsas məqsəd yeni dövrün tələblərinə  və şəraitə uyğun fəaliyyətin qurulmasıdır.

50 milyonluq dünya azərbaycanlılarının şüurunu yeniləyən, bizləri haqqımız olan birliyimizə doğru getməyə cəsarətləndirən Lider Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun dövlət başçısı kimi 20 il bundan qabaq ilk dəfə and içərkən söylədiyi “Mən 50 milyonluq dünya azərbaycanlılarının Prezidentiyəm” tezisi bu çətin, yolda bir başlanğıc oldu. Ötən 20 ildə tamam fərqli mənzərə və mühit formalaşıb. Bir tərəfdən, İlham Əliyevin gündəmə gətidiyi milli ideya bizim xəyallarımızdan real həyat arzumuza, devizimizə çevrilib. Əgər bir zamanlar bu istək xəyalımızın bir küncündə qalmışdısa, indi onu tez-tez səsləndiririk, bununla bağlı müzakirələr aparırıq, “niyə də yox” sualını veririk. Prezident İlham Əliyevin davranışları, ideyaları, yüksək tribunalardan verdiyi mesajlar inamımızı və cəsarətimizi artırıb.

Bu gün  Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Bu coğrafiyada müxtəlif sahələrdə inteqrasiyanın dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Ancaq Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında Türk dünyasının daha geniş anlamda qəbul edilməsinin mesajını verib. İndi Türk Dövlətləri Təşkilatının missiyası yalnız Türk dövlətlərinin məsələləri ilə məşğul olmaqla məhdudlaşa bilməz. Azərbaycanın dövlət başçısı bu missiyanı daha geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Nəticə etibarı ilə dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycanı hər zaman güclü etdi. Qarabağ  Zəfərimizə möhkəm inam yaratdı. Bu inam istər 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində tarixi Zəfərin, istərsə də 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin əldə olunmasında xalqımız tərəfindən nümayiş etdirilən birliyin mühüm rolu oldu. Zəfərimizlə millət və dövlət birliyinin, milli həmrəyliyin nələrə qadir olduğuna bütün dünya şahid oldu. Bu tarixi qələbəni bizə qazandıran əsas amil məhz dövlət və millət birliyindədir. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Cənab Prezident İlham Əliyev ötən il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bununla bağlı bildirmişdi: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.

Müharibə dövründə təkcə Azərbaycanda yaşayan həmvətənlərimiz deyil, dünyanın bir çox ölkələrinə səpələnən 50 milyondan çox azərbaycanlı soydaşımız da bir yumruq kimi birləşərək, dövlətimizə, ordumuza dəstək oldu, ermənilərə “Dəmir yumruq” kimi cavab verdi.

Güneyli soydaşlarımız sərhəddə yığışaraq, təzyiq və hədələrə baxmadan Azərbaycan ordusuna dəstəklərini ifadə etdilər, igid əsgərlərimizi harayladılar, qələbəmizə bizimlə bərabər sevinc gözyaşları tökdülər.

Ermənilərlərlə üz-üzə dayanan xaricdə yaşayan soydaşlarımız təkcə sayları ilə deyil, göstərdikləri fəallıqları ilə erməni diasporundan qat-qat üstün oldular.

Bu gün dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Hər bir azərbaycanlı öz kimliyi, milli mənsubiyyəti ilə fəxr etməli, zəngin və qədim tarixi, çoxəsrlik ortaq mədəni-mənəvi sintez missiyasını özündə əks etdirən dövləti ilə qürur duymalıdır.  Dünyanın müxtəlif yerlərinə səpələnmiş çoxmilyonlu millətimiz Azərbaycançılıq ideologiyası ətrafında birləşərək, uğurlu bir gələcəyə, daha sıx həmrəyliyə, güclü və inkişaf etmiş Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinə çalışmalıdır. Bu, bizim amalımıza, həyat fəlsəfəmizə çevrilməlidir. Əminəm ki, bu birlik nəticəsində Azərbaycan  yeni-yeni uğurlara imza atacaq”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info