“DSMF pulumuzu banka qoyub faiz qazanır, camaata niyə vermir?” –Ekspertdən ittihamlar

“Dövlət Sosial Müdafiə Fondu (DSMF)  icbari qaydada vətəndaşlardan vəsait toplayır. Heç birimizlə fərdi müqavilə də bağlamayıb. Biz vəsaiti ödəməsək məsuliyyətimiz var, cərimə və digər cəzalar ala bilərik. Amma DSMF-nin vətəndaşlar qarşısında heç bir fərdi məsuliyyəti yoxdur”.
Gununsesi.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli DSMF-in büdcə icarası ilə bağlı hesabatını şərh edərkən bildirib.
“İndi məlum olur ki, DSMF-nin 1 mlrd. 50 mln. manat sərbəst vəsaiti varmış. Bu məbləğ DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıqdır. Fond bu vəsaiti ölkənin 5 böyük bankına depozit kimi yerləşdirib, adını da “investisiya fəaliyyəti” qoyub”-deyə ekspert vurğulayıb.
N.Cəfərlinin sözlərinə görə, bu hesabat çoxlu suallar doğurur.
Ekspert bildirib ki, DSMF hər il büdcədən dotasiya alır. Əgər sərbəst vəsaiti varsa, dotasiyanı niyə alır? 2024-cü ildə DSMF büdcədən 1 mld. 392 mln. manat dotasiya alacaq.
“DSMF vətəndaşdan topladığı vəsaiti banka depozitə qoyub faiz qazanır, bunun adını “investisiya” qoyur. Yaxşı, bəs vətəndaşın pulunu banka qoyub faiz qazanırsa, ondan vətəndaşa niyə pay ayırmır?! Şəxsən mənim DSMF-də 30 mindən çox vəsaitim var. Fond mənim pulumu, tutalım, 7-8%-lə depozitə qoyub ildə ən azı 2000-2500 arası pul qazanır, bəs mənə niyə bu vəsaitdən pay vermir?” -deyə N.Cəfərli sual edib.
Onun sözlərinə görə, DSMF primitiv üsulla vətəndaşlardan yığdığı vəsaiti banka depozitə qoyub faizlə pul qazanır, lakin fonda vəsait ödəyənlərə pay vermirlər:  “Bunun adı investisiya deyil, vətəndaşı dolamaqdır”.
N.Cəfərli bildirib ki, dünyada özəl təqaüd fondları böyük gücə, çoxşaxəli investisiya portfelinə malikdirlər. Vətəndaşlarla birbaşa və fərdi müqavilə bağlayan özəl təqaüd fondları öz yatırımlarından əldə etdikləri qazancı da fərdi müqavilələrdə nəzərdə tutulmuş qaydada vətəndaşlarla bölüşürlər: “Bu fondlar səhm bazarında aktiv olurlar, hətta birbaşa yatırımlarla istehsal və xidmət sahələri, yüzminlərlə insanın çalışdığı iş yerləri yaradırlar”.
“Fondlar vətəndaşdan vəsait toplayır ki, təqaüdə çıxanda onlara xidmət etsin. Toplanan vəsaitdən Fondlar yatırım edirlər, pul qazanırlar. Yəni, təqaüd fondları faktiki investisiya fondlarıdırlar. Yatırımdan qazandıqları vəsaitdən fond üzvü olan vətəndaşa da pay düşür, bu məqamlar fərdi müqavilələrdə öz əksini tapır”-deyə ekspert vurğulayıb.
Gununsesi.info