DİN polisdə döyülən vətəndaşla bağlı araşdırmalara başladı - MƏHKƏMƏNİN AZAD ETDİYİ VƏTƏNDAŞIN YENİDƏN SAXLANILMASI REZONANSA SƏBƏB OLUB

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə məhkəmənin həbsdən azad etdiyi vətəndaşın döyülməsi və yenidən saxlanılması barədə çəkilmiş videogörüntülərə münasibət bildirib.

Nazirlik açıqlamasında bildirib ki, oğurluq əməlində şübhəli bilinən şəxsin 36-cı polis bölməsində döyülməsi iddiaları ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə oktyabrın 10-da axşam saat 22.00 radələrində Xətai rayon Məhkəməsinin dəhlizində çəkildiyi iddia olunan videogörüntülər yayılıb. Həmin görüntülərdə İsmayıl Qəhrəmanov adlı şəxs oktyabrın 6-dan Xətai rayonu, 36-cı polis bölməsində işgəncələrə məruz qaldığını bildirir. Onun sözlərinə görə, işgəncənin məqsədi oğurluqla bağlı cinayəti üzərinə götürməsidir.

36-cı polis bölməsində Qəhrəmanov haqqında İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə protokol tərtib edilib, həbs olunması üçün məhkəməyə gətirilib. Oktyabrın 10-da axşam saat 21.00 radələrində bu işə baxan hakim Qəhrəmanovu həbsə göndərməyib, onun haqqında cərimə qərarı çıxarıb. Sözügedən videogörüntülər də Qəhrəmanov məhkəmə zalında azad ediləndən az sonra – məhkəmə binasının dəhlizində çəkilib.

Videoda şəxsin sifət nahiyəsində xəsarət izləri də aydın görünür.

Gununsesi.info