Deputatın seçiciləri ilə bir arada

  • By admin
  • 16 Noyabr 2022 18:25

Goranboyda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ilinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin abidəsini və Şəhidlər Xatirə kompleksini ziyarət ediblər. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rayon ictimaiyyətinin və YAP fəallarının iştirakı ilə keçirilən tədbirdə 97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının idarə Heyətinin üzvü Amin İsmayılov və YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə əhəmiyyətli uğurlara imza atdığını, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdiyini diqqətə çatdırıb. YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunun, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyi qeyd edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yolun, əldə etdiyi nailiyyətlərin böyük quruculuq salnaməsi olduğunu diqqətə çatdırıb. İcra başçısı vurğulayıb ki, xalq sürətlə inkişaf edən müstəqil dövlətimizi böyük əzmlə Vətənin mənafeyi naminə uğurlu inkişafa aparan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Buna ən parlaq nümunə kimi dünya hərb tarixinə qızıl hərflərlə yazılan, 44 günlük Vətən müharibəsi zamanı xalqın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsi və qazanılan Şanlı Tarixi Qələbədən söz açılıb.

97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışı zamanı bildirib ki, Yeni Azərbaycan Partiyası Vətənin, dövlətin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb. Yeni Azərbaycan Partiyası sübut edib ki, sağlam təməllər üzərində qurulmuş demokratik prinsiplərə söykənən partiyadır.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Afət

Gununsesi.info