Deputatdan ipoteka kreditlərinin verilməsi şərtləri ilə bağlı mühüm TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva hesabat məruzəsi ilə çıxış edib.

Gununsesi.info xəbər verir ki, müzakirələr zamanı Gəncədən seçilən deputat Naqif Həmzəyev hesabatla bağlı bir sıra fikirlər səsləndirib.

Cəzaçəkmə müəssisələrində vəziyyət barədə danışan deputat bildirib ki, bu müəssisələrdə vəziyyət xeyli yaxşılaşıb. Deputat qeyd edib ki, Lənkəranda cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Onun sözlərinə görə, 2025-ci ildə Gəncədə də cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək.

N.Həmzəyev vətəndaşların mülkiyyət hüququ ilə bağlı yaradılan bəzi problemlərə öz iradını bildirib. O qeyd edib ki, vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. “Keçmiş icra başçısının zamanında verilmiş sərəncamlar ləğv edilir və o torpaqlar başqa şəxslərə satılır. Və ya bu torpaqlar həmin şəxsə təkrar satılır”.

Deputat həmçinin ipoteka kreditlərinin verilməsi şərtlərinə də toxunub.

N.Həmzəyev vurğulayıb ki, ipoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır. “Universitetdə 15 il çalışan, elmi dərəcəsi olmayan müəllimlərədə ipoteka verilməlidir”, – deyə o bildirib.

 

Gununsesi.info