
Bu gün lombardlarla bağlı şikayətlər səngimək bilmir. Bu şikayətlər mövcud olduğu halda heç bir qurum tərəfindən tənzimlənməyən, nəzarətsiz olan lombardların fəaliyyəti kimin üçün sərfəlidir? Əhali üçün deyiriksə, yox.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzə deyib.
Deputat bildirib ki, faizin yuxarı olmasından, lombardların müştərilərin qızıllarını ələ keçirməsindən, lombard sahiblərinin qızılları götürüb qaçmasından tutmuş çoxsaylı şikayətlər var: “Lombardların iqtisadiyyata xeyri də yoxdur. Əksər lombardlar mövcud fəaliyyətlərini vergidən yayındırmaqla, işçilərini rəsmi qeydiyyata almamaqla daha çox sələmçilik fəaliyyəti göstərirlər. Bunun da iqtisadiyyatımıza heç bir xeyri olmadığını görürük. Əksinə, bu fəaliyyətdən narazı olan əhali sonunda dövlət və dövlət qurumlarını hədəf alır. Bəs nə etmək lazımdır? Mərkəzi Bank problemin həllini necə görür? Bu fəaliyyət sahəsi qanunla tənzimlənib nəzarətedici orqan tərəfindən lombardların fəaliyyətinə nəzarət olunacaq? Olunacaqsa, nə zaman? Olunmayacaqsa, bu nəzarəti hansı qurum öz üzərinə götürəcək?”
Naqif Həmzə son zəng tədbirlərində kriminal mahnıların səsləndirilməsi problemini də qaldırıb: “Nazirlik hara baxır?! Bu kriminal mahnılar necə tədbirləri bəzəyir və məktəb rəhbərliyi buna niyə göz yumur?! Biz bu problemin həlli ilə bağlı konsepsiyanı görmürük”.
Sədr Sahibə Qafarova isə bildirib ki, faktları yığın və Elm və Təhsil Nazirliyinə xəbər verin.
Gununsesi.info