Daşkəsən İcra Hakimiyyətindən rayondakı qalmaqalla bağlı açıqlama

Daşkəsən Rayon İcra Hakimiyyəti son günlər bu rayonda yaşayan sakinlərin yerli hakimiyyət və polis tərəfindən incidilməsinə dair söhbətlərə aydınlıq gətirib.

İcra Hakimiyyətindən Gununsesi.info-ya bununla bağlı açıqlama təqdim olunub. Həmin açıqlamanı təqdim edirik.

HTML tutorial

Əvvəlki illərdə olduğu kimi bu il də Daşkəsən rayonunun Xoşbulaq kənd sakini Sahib Məmmədzadənin təşkilatçılığı ilə onun bir qrup yaxın qohumu Xoşbulaq kəndinin inzibati ərazisinə yaxın Daşkəsən rayon sakinlərinin və digər icarədarların qanuni istifadəsində olan dövlət mülkiyyətinə aid yay otlaq sahələrini zorakılıqla zəbt edib kənar rayonlardan olan şəxslərin, fermerlərin sürülərini pul müqabilində əraziyə gətirərək qanunsuz yerləşdirmiş, qanuni icarədarları hədələməklə əraziyə buraxmamış, habelə dövlət mülkiyyətinə aid yay otlaq sahələrində əkin işləri aparmış, kütləvi kriminal münaqişələrə və məhkəmə çəkişmələrinə səbəb olmuşlar.

Tam haqsız olduğunu açıq-aşkar bilən Sahib Məmmədzadə ötən illərdə uydurma, əsassız iddialarla hədə-qorxu gəlib fikir çaşdırmaqla qanunsuz tələblərini təmin etdirmək məqsədilə xaricdəki radikal blogerlərə Daşkəsən Rayon İcra Hakimiyyəti barədə işgüzar nüfuza xələl gətirən, qərəzli, tamamilə yalan video müraciətlər, çıxışlar təşkil etmiş, Xoşbulaq kəndində asayişi pozmuş və yerlərdə əhali arasında qarşıdurma yaratmağa çalışmışdır. Sahib Məmmədzadə və onun yaxın qohumları Yevlax və Goranboy rayonlarının restoran və şadlıq evlərinə məxsus sürülərini pul müqabilində Xoşbulaq kəndinə yaxın dövlət mülkiyyətinə aid yay otlaq sahələrinə gətirərək yerləşdirmiş və həmin sahələrin qanuni icarədarları – Laçın və Kəlbəcər rayonlarından olan sakinlərin Xoşbulaq kəndində avtomobillərinin qarşısını kəsmiş, “kürdlər düşmənimizdir” deyib onları daş-qalaq edib döymüş və ərazidən qovmuşlar.

Xoşbulaq kəndində Sahib Məmmədzadənin təşkilatçılığı ilə baş vermiş cinayət hadisələrinə və həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müvafiq komissiya yaratmaqla müəyyən edilmiş əsaslı faktlara dair dəlillər hüquqi qiymət verilməsi üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Sahib Məmmədzadə maraqlı şəxslər tərəfindən himayə olunaraq cinayət məsuliyyətindən yayındığı üçün onun qanunsuz əməlləri bu günədək də baxılmamış qalmaqdadır. Daşkəsən Rayon Məhkəməsində Sahib Məmmədzadənin qanunazidd əməlləri barədə sadəcə ona ciddi xəbərdarlıq edilməkə məhkəmənin qərarı ilə iş bağlanmışdır.

Həmçinin 20.04.2022-ci il və 29.04.2022-ci il tarixlərdə Xoşbulaq kənd sakinləri Rzayev Arif Səfixan oğlunun icarəsində olan 80 hektar və Allahyarov Bəxtiyar Ədil oğlunun icarəsində olan 60 hektar dövlət mülkiyyətinə aid yay otlaq sahələrinin hər birinin bir hissəsində Sahib Məmmədzadə və onun başçılığı ilə yaxın qohumlarının torpağa dair heç bir hüquqmüəyyənedici sənədləri olmadan qanunsuz şumlama işləri apardıqları faktı aşkar edilərək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən protokollaşdırılmışdır. Sahib Məmmədzadə ötən illərdə olduğu kimi bu il də həmin sahibkarlara hədə-qorxu gəlməklə heç nəyə məhəl qoymadan eyni qanunsuz əməllərini davam etdirir.
2021-ci ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarəti ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi hörmətli general Oqtay Kərimovun şəxsən göstərişi əsasında Sahib Məmmədzadənin və onun yaxın qohumlarının qanunazidd hərəkətlərinin qarşısını almaq üçün Sahib Məmmədzadə və qeyrilərindən iltizamlar alınmış, profilaktik tədbirlərin gücləndirilməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinin rəisinə göstəriş verilmişdir.

Sahib Məmmədzadə Daşkəsən rayonunun Xoşbulaq kənd sakinlərinin adından açıq-aşkar saxta imzalarla müxtəlif hüquq-mühafizə orqanlarına 06.06.2022-ci il tarixdə saxta “kollektiv müraciət” ünvanlamışdır. Məlum olmuşdur ki,
Sahib Məmmədzadə yazdırdığı “kollektiv müraciətdə” hətta vəfat etmiş 7 nəfər şəxsin adından saxta imzalar atmışdır. Daşkəsən Rayon Polis Şöbəsində bu məsələ ilə bağlı istintaq-təhqiqat işləri aparılarkən Prezident Administrasiyasına və müxtəlif qurumlara ünvanlanmış 06.06.2022-cil tarixli “kollektiv müraciətdə” göstərilən Xoşbulaq kənd sakinlərinin imzalarının Sahib Məmmədzadə tərəfindən saxtalaşdırılması faktı bir daha tam təsdiqini tapmışdır. Belə ki, Sahib Məmmədzadə araşdırmaya verdiyi 20.06.2022-ci il tarixli yazılı ərizəsində Xoşbulaq kənd sakinləri adından müxtəlif qurumlara göndərdiyi “kollektiv müraciəti” saxtakarlıq etməklə özünün hazırladığını və dediklərinin həqiqətə uyğun olmadığını etiraf etmişdir.

Xoşbulaq kəndində yaratdığı narazılıq və qarşıdurmalarla bağlı Sahib Məmmədzadə dəfələrlə ayrı-ayrı vaxtlarda Daşkəsən Rayon İcra Hakimiyyətinə, rayon prokurorluğuna və Polis Şöbəsinə çağırılaraq onunla fərdi söhbətlər aparılmış, qanunvericiliyin tələbləri izah edilmiş, ona ciddi xəbərdarlıqlar olunmuşdur.
Məlumat üçün onu da qeyd edirik ki, cəmiyyətdə üzdəniraq kimi tanınan Sahib Məmmədzadə açıq-aşkar məişət pozğunudur. Onun məişət pozğunu və üzdəniraq olmasını təsdiq edən videogörüntülər müxtəlif sosial şəbəkələrdə geniş yayılmışdır.
Dələduzluq və tüfeyli həyat tərzi keçirən, sağlam olduğu halda guya vərəm və qotur xəstəsi olması barədə saxta tibbi sənədlər düzəltdirməklə müddətli həqiqi hərbi xidmətdən yayınıb.

 

Gununsesi.info