Cənubi Osetiya separatçıları Rusiyaya birləşmək üçün danışıqlar aparır

Gürcüstanın Cənubi Osetiya bölgəsinin separatçı administrasiyası “Rusiyaya birləşmək üçün danışıqlar aparır”.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində “parlamentin spikeri” Alan Alborov bildirib.

Onun sözlərinə görə, Moskva Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması ilə bağlı “konkret təklifi” nəzərdən keçirməyə hazır olduğunu bildirib.

“Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik. Biz Rusiya ilə birlikdə bu fikrə gələndə bunu edəcəyik”, – Alborov bildirib.

Qeyd edək ki, 1992-1993-cü illərdə Gürcüstanla Rusiyanın dəstəklədiyi separatçılar arasında silahlı münaqişə baş verib.

Nəticədə Abxaziya və Cənubi Osetiya birtərəfli qaydada Gürcüstandan “müstəqilliklərini” elan etdi.

2008-ci ildə Moskva Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliyini tanıyıb. Bunun ardınca Gürcüstan Rusiya  ilə diplomatik əlaqələri kəsdi. İsveçrə Tbilisi ilə Moskva arasında münasibətlərdə vasitəçi rolunu öz üzərinə götürüb.

 

Gununsesi.info