
“Brüssel görüşü ilk deyil. Hər bir görüş zamanı Azərbaycan tərəfi prinsipial mövqeyini bildirir. Bundan sonra biz güzəştlərə getməyəcəyik. Bunu Ermənistan tərəfi yaxşı başa düşməli, dərk etməlidir”.
Bu sözləri Modern.az-a İlham Əliyev və Nikol Pasinyanın Avropa İttifaqının sədri Şarl Mişelin dəvəti ilə Brüsseldə keçirəcəyi görüşdən gözləntilər haqqında danışarkən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. O qeyd edib ki, Ermənistan çalışmalıdır bütün razılıqlar, əldə edilən bəyanatlar həyata keçirilsin, reallaşsın:
“Nəticə əldə edilib-edilməməsi Ermənistandan aslıdır. Problem yaradan, çətinliklərə səbəb olan Ermənistandır. Onların sayəsində post-munaqişə dövründə təxribatlar törədilib, əsgərlərimiz şəhid olub. Rəsmi İrəvan sülhə razılaşmalıdır”.
Azərbaycanın çoxvektorlu xarici siyasət apardığını vurğulayan politoloq qeyd edib ki, həm ABŞ, həm Rusiya ilə münasibətlərimizi normal saxlayırıq:
“Biz öz məsələlərimizi həll etmək üçün lazımi addımlarımızı atırıq.
Ermənistan gedib Moskvadan icazə alır ki, Brüsselə getsin, orada görüşlər keçirsin. Bu Ermənistanın problemidir. Tam aydındır ki, rəsmi İrəvan müstəqil siyasət aparan bilmir. Müxtəlif qütblər arasında çabalayir. Bunun isə heç bir nəticəsi yoxdur. Biz qələbə çaldıq. Öz mövqeyimizi də bildirdik. Əsas məqsədimiz sabitliyin və sülhün bərpasıdır. Bu məqsədlə Brüsselə gedirik.
Zəngəzur dəhlizi ilə bağlı Ermənistana təzyiq göstərilsə, müəyyən addımlar atmağa məcbur olar. Onlar başqa bir dil bilmirlər. Təəssüf ki, bir sıra güc mərkəzləri, aparıcı dövlətlər bizi sadəcə olaraq sülhə çağırırlar, bərabərləşdirirlər. Ermənistana təzyiq edilməsə, biz özümüz təzyiq etməliyik. Başqa çıxış yolumuz yoxdur. Elə axır zamanlar da öz gücümüzü nümayiş etdiririk, bunu İrəvanda da görürlər”.
Gununsesi.info