Bu məktəbin rəhbərliyinə töhmət verildi -VİDEO

Ötən ay sosial şəbəkələrdə Bakının 48 saylı məktəbində şagirdlərin yemək bişirməsi ilə bağlı başlanan araşdırma başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən həmin görüntülərlə bağlı “Qafqazinfo”ya daxil olan növbəti məlumata görə, araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib.

Xatırladaq ki, ötən tədris ilində (2022-ci ilin mayın 16-sı) çəkildiyi deyilən həmin görüntülərlə bağlı verilən ilkin açıqlamada bildirilmişdi ki, uşaqlar həmin gün özləri ilə bir sıra ləvazimatlar gətiriblər və dərsdən sonra sinif otağında yemək bişiriblər. Məsələdən xəbər tutan kimi məktəb rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülüb, sinif rəhbəri, valideyn və uşaqlarla söhbət aparılıb. Sinif rəhbəri dəyişdirilib. Videonu çəkən şagird isə sinifdə qaldığı üçün ötən dərs ilinin sonunda məktəbdən çıxıb.

Gununsesi.info