Bir kilsədə iki xristian qadın güllələndi – ABŞ-dan reaksiya: “İsrailə çətin suallar verdik”

ABŞ Dövlət Departamenti Qəzzada bir kilsədə İsrail snayperləri tərəfindən iki xristian qadının öldürülməsi ilə bağlı “İsrailə çətin suallar verdiklərini” və kilsə, məscid, məktəb və xəstəxana kimi mülki şəxslərin istifadə etdiyi ərazilərə hücum edilməməsi lazım olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində Qəzzada son vəziyyəti və İsrail snayperləri tərəfindən öldürülən iki mülki şəxslə bağlı gündəmi dəyərləndirib.

Miller xatırladıb ki, Birləşmiş Ştatlar İsrailə açıq şəkildə bəyan edib ki, onlar dinc əhalinin istifadə etdiyi kilsə, məscid, məktəb və xəstəxana kimi yerlərə hər hansı hücumu istəməyiblər.

Miller bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken dinc əhali arasında itkilərin azaldılması və qarşısının alınması ilə bağlı Tel-Əviv administrasiyasına lazımi xatırlatmaları dəfələrlə edib.

ABŞ sözçüsü İsrail ordusunun snayperlərinin həftə sonu Qəzzadakı Rahibələr monastırında iki xristian qadını hədəf alaraq öldürməsi ilə bağlı sualı belə cavablandırıb: “Bu məsələ ilə bağlı konkret deyəcəyim odur ki, biz narahatlığımızı birbaşa İsrail hökumətinə bildirdik və bu hadisə ilə bağlı çətin suallar verdik”.

Digər tərəfdən, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi gündəlik mətbuat brifinqində Qəzzada bir kilsədə iki xristian qadının İsrail snayperləri tərəfindən hədəf alınaraq öldürülməsi ilə bağlı narahatlıqlarını İsrailə çatdırdıqlarını bir daha bildirib.

Qüds Latın Patriarxlığı İsrail ordusunun Qəzzaya hücumlarında xristianları və kilsələri də hədəf aldığını bildirib.

Qüds Latın Patriarxlığının İsrail əsgərlərinin Qəzzada kilsələri hədəf alması ilə bağlı verdiyi yazılı açıqlamada, İsrail ordusunun snayperlərinin Rahibələr Manastırına doğru gedən 2 qadını öldürdüyü bildirilib.

Açıqlamada xristian ailələrin İsrailin hücumlarının başladığı gündən Qəzzada Müqəddəs Ailə Katolik Kilsəsinə sığındıqları diqqətə çatdırılıb və bu ifadələrdən istifadə edilib:

“(İsrail ordusunun hücumlarında) daha 7 nəfər kilsə kompleksinin içərisində başqalarını qorumaq istəyərkən güllələnib və yaralanıb. Heç bir xəbərdarlıq edilməyib, heç bir xəbərdarlıq edilməyib. Döyüşən tərəflərin olmadığı İcma binasının içindən qan axırdı. Onlar soyuqqanlılıqla güllələniblər”.

Londonda yerləşən LBC radiosuna danışan İsrailin Qərbi Qüds merinin müavini Həsən-Nahum Qəzzada xristianların yaşamadığını və kilsənin olmadığını müdafiə edib.

İsrailin Qəzzada bir xristian qadın və qızının öldüyü Müqəddəs Ailə Katolik Kilsəsinə hücumundan cəmi üç gün sonra açıqlamalar verən Nahum, “Təəssüf ki, (Qəzzada) xristianlar yoxdur, çünki onlar Həmas tərəfindən qovuldular” deyib.

Radio aparıcısı Nik Ferrarinin Qəzzada kilsənin ətrafında İsrail snayperlərinin olması xəbəri ilə bağlı sualına cavab olaraq Nahum, “Bu səhər xəbəri gördüm. Kilsə? Qəzzada kilsə yoxdur” deyə cavab verib.

Gununsesi.info