
Bazar ertəsi gecə prezident seçilməsi Seçki Kollegiyası tərəfindən təsdiqlənəndən sonra yeni seçilən prezident Co Bayden “Amerikanın ruhu uğrunda bu döyüşdə demokratiya qalib gəldi” – deyə, bildirib.
Amerikalıları indi “birləşməyə və sağalmağa” çağırarkən Bayden ilk dəfə prezident Donald Tramp və tərəfdaşlarının nəticələri ləğv etmək cəhdlərini açıq şəkildə qınayıb və bunu “demokratiyamıza görünməmiş hücum” adlandırıb.
Bayden bildirib ki, Seçki Kollegiyasının üzvlərinin hər ştatda və Kolumbiya mahalında səs verməsindən bir neçə saat sonra hakimiyyətdən sui-istifadə belə sülh yolu ilə keçidin qarşısını ala bilməz.
“Biz səs verdik, qurumlarımıza olan inam qorundu, seçkilərimizin şəffaflığı toxunulmaz olaraq qaldı”- deyə, Delaver ştatının Vilminqton şəhərində etdiyi çıxışında Bayden qeyd edib.
Bazar ertəsi günü seçicilər Baydenə 306 səs verərək onun seçki üçün tələb olunan 270 həddini rahatca aşdığını açıqlayıb. Tramp isə 232 səs toplayıb.
Baydenin topladığı 306 səs sayı Trampın dörd il əvvəl Demokrat Partiyanın namizədi Hillari Klintonu məğlub edərkən qazandığı ilə eynidir.
“Həmin vaxt Prezident Tramp Seçici Kollegiyasının sayını inamlı adlandırmışdı” deyən Bayden “Öz standartlarına görə, bu rəqəmlər o zaman açıq bir qələbəni təmsil edirdi və indi bunu hörmətlə qəbul etmələrini təklif edirəm” sözlərini əlavə edib.
Sabiq vitse-prezident Vilminqton mərkəzindəki teatrda danışarkən “əvvəllər kimsə bilmirdisə, indi bilirik. Amerika xalqının qəlbində dərin kök salan budur: Demokratiya” deyib.
Tramp Baydenin çıxışından sonra heç bir şərh verməyib, lakin bazar günü Tvitterdə “Çox sayda seçici saxtakarlığı aşkar olan bütün dəyişkən ştatlar, bu səsləri qanuni bir şəkildə ciddi və cəzalandırılmadan təsdiqləyə bilməz” sözlərini yazıb.
Bazar ertəsi səhər Seçki Kollegiyasında səsvermə başlayarkən bu paylaşımı yenidən tvitləyib.
Trampın kampaniyası və tərəfdarları hakimlər tərəfindən rədd edilmiş onlarla iddia qaldırmışdılar.