
Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib.
Gununsesi.info-nun xəbərinə görə, bunu iqtisadçı ekspert Samir əliyev sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, həmin günü Mərkəzi Bank satış həyata keçirməyib: ” Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub. Bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında $52.7 milyon satıldığı halda növbəti hərraclarda uyğun olaraq $51.2 milyon, $35 milyon, $18.7 milyon, $1.5 milyon olub və nəhayət sonuncu hərracda tələbat olmayıb.
Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda $159.1 milyon satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox – $642.7 milyon olub.
Ağla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1.7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1.6990 AZN, 5 bankın alış məzənəsi 1.6980 AZN, 4 bankın alış məzənnəsi 1.6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır. Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbı olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1.6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi.
Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır.
Səbəb nə ola bilər: Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğu yoxsa, ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığı? Bəlkə başqa səbəb?”.
Afət Abbasova
Gununsesi.info