Bəhruz Bayramov həbsdəki baş redaktorun hüquqlarını qoruyacaq

  • By admin
  • 26 İyul 2023 11:29

İki gün əvvəl 1 ay müddətinə inzibati qaydada həbs edilən “Hurriyət” qəzetinin və eyniadlı saytın baş redaktoru Vüqar Məmmədovun həbsindən apellyasiya şikayəti veriləcək.

Bu barədə Gununsesi.info-ya baş redaktorun müdafiəsinə qoşulan vəkil Bəhruz Bayramov deyib.

O, bildirib ki, İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Vüqar Məmmədovla görüşüb.

“Saxlanma şəraitindən və münasibətdən narazılığı yoxdur” deyən vəkil Məmmədovun həbsini qanunsuz hesab etdiyini deyib.

 

Qeyd edək ki, Baş Prokurorluq açıqlamasında “Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq
internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldığını bəyan edib.

Bildirilib ki, aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmə qərarı ilə Vüqar Məmmədov və Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilmişdir.

 

Afət Abbasova

Gununsesi.info