AzTV-nin xanım əməkdaşını şantaj edən operatorun cəzası azaldıldı

  • By admin
  • 12 Aprel 2022 20:53

AzTV-nin xanım jurnalisti Vəfa Ağabalayevanı şantaj etməkdə təqsirləndirilən “CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin apellyasiya məhkəməsi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, 2020-ci ilin avqustundan həbsdə olan Y.Şəfiyevin cəzası azaldılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəza müddəti 5 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Şəfiyev 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilmişdi. İttihama görə, Y.Şəfiyev V.Ağabalayevanı şantaj edərək ona məxsus “Mitsubishi Eclipse” avtomobilini istəyib. O, xanım barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Y.Şəfiyev ondan müxtəlif vaxtlarda 6726 manat pul almaqda təqsirləndirilib.

Yusif Şəfiyev “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur.

Onu da qeyd edək ki, Yusif Şəfiyevin atası Nadir Şəfiyev bu həbsi qurama adlandırıb.

O, bildirib ki, iş üzrə istintaq və məhkəmə araşdırmaları obyektiv olmayıb.

Gununsesi.info