Azərbaycan nağıllarında ən təhlükəli, ən ideoloji bir məsələdə qadınlar, qadınlara olan yanaşmadır.
Nağıllarda qadın çox vaxt ya tam itaətkar, ya da cadügər, təhlükəli, ən yaxşı halda isə “xilas gözləyən gözəl”dir. Azərbaycan nağıllarında qadınlar həmişə ümid edir.
Ümumiyyətlə, qadın Azərbaycan nağıllarında insan yox, daha çox şeytan yerinə qoyulur.
Digər tərəfdən, Azərbaycan nağılları kasıblığı, ac-yalavaclığı yüksək keyfiyyət kimi təqdim edir. Kasıblıq, ac olmaq romantikləşdirilir, səxavət adı altında bununla barışmaq lazım olduğu təlqin edilir. Yoxsulluq problem yox, mənəvi üstünlük kimi göstərilir. Bu isə sosial bərabərsizliyin səbəblərinin gizlədilməsidir. Azərbaycan nağıllarında kasıblığın bu cür göstərilməsi müasir dövrdə də eynilik təşkil edir.
İnsani münasibətlər də Azərbaycan nağıllarında tamamilə dəhşətli formada verilir.
Nağıllarda düşmənin öldürülməsi, hiylə ilə aldatma, güclünün zəifi əzməsi tez-tez müsbət nəticə ilə bitir. Bir növ kim güclüdürsə, haqlı da o hesab edilir.
Nağıllarda sual verən, şübhə edən, qaydanı pozan obrazlar çox vaxt cəzalanır, itir, “pis” kimi damğalanır. Yəni tənqidi düşüncə təhlükə kimi təqdim olunur.
Azərbaycan nağıllarında şahsevənlik də hökm sürür. Böyüklər həmişə haqlı, kiçiklər həmişə səhv edən obrazdadır.
Bir sözlə, nağıllarımız dağ-dərə təfəkkürü, köhnə kənd cəmiyyətinin məhsuludur. Bunlar heç zaman müasir etik meyar ola bilməz.
Bəs alternativ nədir? Əslində, necə olmalıdır?
Bəlkə də, belə:
Möcüzə yox, ağıl işlədən qəhrəman, susan yox, sual verən uşaq, xilas gözləyən yox, qərar verən insan.

Orxan











