
Azərbaycanda “SmartCell” (“Face ID”) – üz tanıma texnologiyası ilə mobil nömrələrin satışına başlanacaq.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzindən Gununsesi.info-ya göndərilən məlumatda deyilir.
Qeyd olunub ki, “SmartCell” – üz tanıma və elektron imza texnologiyalarını birləşdirən mobil həldir. Bu texnologiyanı istər dövlət, istərsə də özəl sektorda məsafədən onlayn əməliyyatlar aparmaq, müqavilə bağlamaq və s. kimi əməliyyatlarda istifadə etmək olar.
Sistem müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilən şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.
Bu texnologiyanın tətbiqi zamanı prosesin video-çəkilişini də təmin etmək mümkündür. “SmartCell” nömrə satış sistemi həm operatorlar, həm də müştərilər üçün bir çox üstünlüklərə malikdir.