Azərbaycan üçün tarixi bir seçkidir -Misir Mərdanov

Azərbaycanın tarixində tarixi bir seçkidir. Bir çox hallarda biz bunu “Zəfər seçkisi” adlandırırıq.

Çünki tarixi zəfərdən və ərazi bütövlüyümüz təmin olunduqdan sonra ilk dəfədir Xankəndində, Şuşada və digər işğaldan azad olunan ərazilərimizdə səs verilir.

 

Bunu Trend-ə açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib.

 

“Səhər tezdən mən səsverməyə getdim və heç bir zaman görmədiyim mənzərə ilə qarşılaşdım. Çoxlu sayda insanlar seçkidə iştirak edirdilər. Övladıma hətta zəng edib soruşdum ki, seçkidə iştirak etdin. O isə cavabında növbə çoxluğundan səsverə bilmədiyini, günorta saatlarında yenidən seçki məntəqəsinə yaxınlaşacağını bildirdi. Xalqımız çox böyük istəklə və sevinclə səsverməyə gəlirlər. Mən əminəm ki hərşey yaxşı olacaq. Mən Azərbaycanın gələcəyinə səs vermişəm”, – deyə əlavə edib.

 

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

 

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

 

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

 

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

 

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

 

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

 

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

 

 

Gununsesi.info