
Normal ölkələrdə heç kim dövlət büdcəsinə əl uzatmağa cəsarət edə bilməz. Xatırlayırsınızsa bir-neçə il əvvəl Finlandiyada bununla bağlı böyük qalmaqal yaşandı. Jurnalistlər araşdırıb tapıblar ki, baş nazir Sanna Marinin səhər yeməyi üçün hökümət büdcəsindən ayda 850 manat ödənilib. Baş nazir həmin vəsaiti büdcəyə geri qaytaracağını bildirdi.
Bizim kimi ölkələrdə isə büdcə vəsaitinə nəzarət etməli olan əsas qurumlardan birinin – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Qanunlarda nə yazıldığından belə xəbəri yoxdur. İnanmırsınızsa paylaşdığım “skrinə” baxa bilərsiniz. Dövlət Xidməti 2 tender müsabiqəsini ləğv edib. Səbəb kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun bəzi maddələrini göstərib. Məsələn, yazıblar ki, Ədliyyə Nazirliyinin tenderi Qanunun 4.1.2., 38,2. və 57.3.7.-ci maddələrinə əsasən, Sərhəd Xidmətinin tenderi Qanunun 11.2.-ci maddəsinə (2-ci hal) əsasən ləğv olunub.

Məsələnin maraqlı tərəfi odur ki, qeyd olunan maddələr “Dövlət Satınalmaları Haqqında” Qanunda ya yerli-dibli yoxdur, ya da bu maddələrin tenderin ləğv olunması ilə yaxından-uzaqdan əlaqəsi yoxdur…
Allahverdi Aydın