
Gələn il konstitusiya dəyişikliyi üçün keçirilməsi gözlənilən referendumda Naxçıvanın Muxtar Respublika statusunun ləğvi məsələsinin də əks olunacağı deyilir.
Qeyd edək ki, dünən Naxçıvanın Dövlət Təhlükəsizlik Xidməti ləğv olunub, onun əvəzində DTX-nin ayrıca Baş İdarəsi yaradılıb.
Yaxın gələcəkdə eyni qərarın Muxtar Respublikanın Daxili İşlər Nazirliyi ilə bağlı da veriləcəyi gözlənilir.
Milli Məclisin deputatı Aydın Hüseynov Gununsesi.info-ya a açıqlamasında deyir ki, Naxçıvanın statusunun dəyişməsinə zərurət görmür: “Bu gün Naxçıvanın yerləşdiyi coğrafi mövqeyinə istinad etsək, o zaman hesab edirəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə zərurət yoxdur. Naxçıvan həssas bir bölgədə yerləşir. Bilirsiniz ki, Muxtar Respublikaya getmək üçün başqa bir ölkənin sərhəddindən keçmək lazımdır”.
Naxçıvan Muxtar Respublikası ilə Qarabağ arasında paralellik aparılmasına gəlincə, deputat bunun qüsurlu olduğunu deyib: “Qarabağ məsələsi tamamilə fərqli məsələdir. Onlara Muxtar Vilayət statusunu Stalinin göstərişi ilə veriblər. Kimsə düşünürsə ki, biz Naxçıvanın bu statusunu ona görə ləğv etməliyik ki, ermənilər Qarabağda bunu bizdən tələb etməsin, o, yanılır”.
Naxçıvandan olan deputat Siyavuş Novruzov da həmkarı iklə eyni fikirdədir: “Naxçıvanın Muxtar Respublika statusu Konstitusiyamızda təsbit olunub. Bu söhbətlər ciddi söhbətlər deyil . Ümumiyyətlə, buna zərurət də yoxdur. Ola bilsin ki, Naxçıvan hökumətində hansısa struktur dəyişiklikləri olsun. Hansısa nazirlik ya xidmət ləğv olunursa, onun yerində başqası yaradılır. Bu o demək deyil ki, Naxçıvanın Muxtar Respublika statusu da ləğv olunmaldır”.
Mətləb Yaqublu
Gununsesi.info