Ağsaqqallar Şurası toplaşdı – FOTO

  • By admin
  • 06 İyul 2021 21:43

İyulun 6-da Azərbaycan Ağsaqqallar Şurasının ümumi iclası keçirilib.

 

Gununsesi.info xəbər verir ki, iclasda Azərbaycan Ağsaqqallar Şurasının iş planına uyğun olaraq respublikanın şəhər və rayonlarındakı yerli ağsaqqallar şuralarının 2021-ci ilin mart-iyun aylarında keçirilən hesabat-seçki konfranslarının yekunları müzakirə olunmuş, bununla bağlı Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinlərinin məlumatları dinlənilib.

 

İclası açıq elan edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Eldar Quliyev bildirib ki, Azərbaycan ağsaqqalları cəmiyyətimizdə gedən ictimai proseslərdə yaxından iştirak edir, ölkəmizin inkişafına, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, islahatlar kursuna birmənalı dəstək verirlər. Qeyd olunub pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan Ağsaqqallar Şurası qarşısında duran vəzifələri uğurla həyata keçirir, ölkənin ictimai həyatına öz töhfələrini verir. Rayon və şəhərlərdə yerli ağsaqqallar şuralarının hesabat-seçki konfransları da pandemiya dövrünün tələblərinə uyğun şəkildə keçirilib.

 

Eldar Quliyev diqqətə çatdırmışdır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı tarixinin olduqca şərəfli dövrünü yaşayır. «44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımız müharibə yolu ilə azad olundu. Bu gün hər azərbaycanlı qalib və qəhrəman xalqın nümayəndəsi olması ilə fəxr edir».

 

Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda geniş miqyaslı yenidənqurma işləri həyata keçirilir. Bu günlərdə Ermənistanın işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılan mina xəritələrini Azərbaycana verməsini Prezident İlham Əliyevin növbəti böyük uğuru kimi dəyərləndirən Eldar Quliyev dedi ki, bu, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərini daha da sürətləndirəcək. Eyni zamanda mina xəritələrinin alınması Qarabağda kommunikasiya xətlərinin yaradılması üzrə həyata keçirilən layihələrin də sürətlə icra edilməsinə səbəb olacaq.

 

İclasda  ötən il vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının keçmiş sədri Fəttah Heydərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Eldar Quliyev bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinin daha da canlanmasında, onun ölkənin ictimai həyatında fəal rol oynayan quruma çevrilməsində Fəttah Heydərovun böyük xidmətləri olub.

 

2021-ci ilin mart-iyun aylarında keçirilən hesabat-seçki konfransları barədə danışan Eldar Quliyev qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinləri arasında bölgü aparılmış və onlar bölgələr üzrə yerli ağsaqqallar şuralarının konfranslarında iştirak etmişlər. Ümumilikdə, işğaldan azad olunmuş rayonlar istisna olunmaqla, 77 çəhər və rayonda seçkilər keçirilmişdir. Konfranslarda rayon (şəhər) Ağsaqqallar Şuralarının yeni Əsasnamələri qəbul edilmiş, yerli təşkilatlara sədr və İdarə Heyətinin, o cümlədən Təftiş komissiyalarının üzvləri seçilmişlər. Seçkilər azad və demokratik şəraitdə keçirilmiş, rayon və şəhərlərin ictimaiyyəti arasında  nüfuzlu, işgüzar və səriştəli şəxsləri şura rəhbəri seçilmişlər. Yaxın vaxtlarda Azərbaycan Ağsaqqallar Şurasında bölgələr üzrə yerli ağsaqqallar şuralarının yeni seçilmiş sədrləri ilə görüşlər keçiriləcək, onların təklifləri dinləniləcək.

 

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci  müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov şəhər və rayonlarda keçirilən hesabat-seçki konfranslarından bəhs edərək  ağsaqqalların cəmiyyətin həmrəy olmasında, əmin-amanlıq içində yaşamasında  vacib rol oynadıqlarını, gənclərimizin xalqa, dövlətə sədaqət və vətənpərvərlik  ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam təməllər əsasında tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu qeyd edib. Bildirilib ki, xalqımızın mənəvi dünyasında ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub və hər zaman onların xeyir-duasının alınmasına, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilib.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov öz çıxışında yerli təşkilatlarla bağlı bəzi məsələlərə toxunaraq vurğulamışdır ki, müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, gənclərə vətənpərvərlik hissinin aşılanması, onların hərtərli inkişaf etdirilməsi çox aktualdır və bu işdə ağsaqqallarımızın rolu əvəzedilməzdir. O,  ağsaqqalların  Vətən müharibəsi günlərində olduğu kimi, bu gün də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək daha qüdrətli Azərbaycan naminə respublikada həyata keçirilən böyük quruculuq işlərində bütün bacarıqlarını, həyat təcrübələrini, bilik və enerjilərini səfərbər edərək fəal iştirak etdiyini qeyd edib. Natiq, həmçinin, öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasınında həyata keçirilən mütərəqqi işlərdən, nəzərəçarpacaq canlanmadan da bəhs edib.

 

Şəhər və rayonlarda keçirilən tədbirlərin böyük ruh yüksəkliyi ilə müşayiət olunduğunu  qeyd edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov  xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözünə, ağsaqqal xeyir-duasına həmişə böyük ehtiramla yanaşıldığını bildirib. O, həmçinin vurğulamışdır ki, ailə quranda, mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərli olub, çünki ağsaqqallar el-obaya daim müdirklik təlqin etmiş, gənclərə məsləhətlər vermişlər. Qeyd olunub ki, bu gün ağsaqqallarımızın əsas vəzifələrindən biri müasir gəncliyimizin sağlam ruhda formalaşmasına töhfə verməkdir. Bunun üçün ağsaqqallardan gənclərlə mütəmadi görüşlər keçirmək, cəmiyyətimizin sağlam inkişafı və rifahı üçün fəallıq göstərmək tələb olunur. Hər zaman ağsaqqallara, ağsaqqal sözünə yüksək qiymət verən, onları Azərbaycanın milli-mənəvi dəyərləri hesab edən ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan da söhbət açan Tahir Süleymanov hal-hazırda bu nəcib ənənənin dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının müavinləri Vahid Novruzov, Elmira Süleymanova və Bayram Yusifov bildirmişlər ki, respublikamızda tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq kütləvi tədbirlər keçirilməsi məqsədəuyğun olmadığına görə konfranslar məhdud sayda nümayəndələrin iştirakı ilə keçirilib. Hər bir konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, müvafiq rayon icra hakimiyyətinin rəhbərləri iştirak etmişlər. Konfranslar işgüzar və demokratik şəraitdə keçmiş, heç bir münaqişəli hal müşahidə olunmayib. Müzakirələr zamanı çıxış edənlər öncə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq işğal altında olan rayonların azad olunmasını təmin etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər. Bütün konfransları kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması təmin edilib.

 

İclasda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Aqiyə Naxçıvanlı, Madər Musayev və Ziyad Səmədzadə də çıxış etmişlər. Həm Ağsaqqallar Şurasının sədrinin müavinləri, həm İdarə Heyətinin digər üzvləri ölkənin ictimai-siyasi həyatında ağsaqqalların fəal iştirakının vacibliyini qeyd etmiş, ağsaqqallar şuralarının qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün təkliflərini irəli sürmüşlər.

 

Çıxışlarda toxunulan məsələlərdən biri yerli ağsaqqallar şuralarının fəaliyyət göstərmələri üçün müvafiq yerlə təmin olunmaları barədə olunub. Diqqətə çatdırılıb ki, hazırda rayon və şəhər ağsaqqallar şuralarının böyük əksəriyyəti yerlə təmin olunsalar da, bəzilərinin yerləri yoxdur. Səslənən təkliflərdən biri də rayon və şəhər ağsaqqallar şuralarının maliyyələşməsi barədə olub.

 

Çıxışlara yekun vuran Eldar Quliyev bəzi rayon və şəhər ağsaqqallar şuralarının iş otaqları ilə təminatı, o cümlədən maliyyələşmə məsələləri istiqamətində işlərin aparıldığı və bütün bunların ən qısa zamanda yoluna qoyulacağını bildirib.

 

Yekunda Azərbaycan Respublikasının rayon və şəhərlərində ağsaqqallar şurasının konfranslarının keçirilməsinə dair bölgələr üzrə təhkim olunmuş sədr müavinlərinin məlumatları nəzərə alınıb. İclasın qərarına əsasən konfranslarda seçilmiş ağsaqqallar şuralarının sədrləri iyul-avqust aylarında İdarə Heyətinə dəvət olunacaqlar və onlara müvafiq vəsiqələr veriləcək.

 

İclasda Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Prezident İlham Əliyevə müraciətin qəbul edilməsi də qərara alınıb.

Gununsesi.info