Ad günü hədiyyəsi - PƏRVİZ YƏHYALI YAZIR

  • By admin
  • 08 Yanvar 2026 14:50
(miniatür hekayə)
Ayaqlarını güclə sürüryərək özünü həyət qapısından içəri saldı. Yorğunluğuna baxmayaraq qoyunların küzünə tərəf getdi. Onu görcək qoyunlar ağız-ağıza verib mələşirdi. Yabanı əlinə alıb, tayadan ot götürdü. Gər ağacının çubuqlarından bağladığı tapanın arasına keçirdiyi quru biyanı qoyunların acgözlüklə yeməsinə tamaşa etdikcə sanki yorğunluğu çıxırdı. Qulaqsız, kərə qoyunun başı ot yeməyə qarışdığından fürsətdən istifadə edərək əli ilə onun belinə sığal çəkdi. Fikrində bir həftəyə doğacağını yəqin edərək, heyvanın yelininə diqqətlə nəzər saldı.
Öz-özünə kaş yaza qədər ot çata deyib, heyvanları təkrar-təkrar saydı. Əgər səkkizi də boğazdırsa yazacan on altı olacaq. Salamatçılıq olsa bu yay necə olur olsun, gərək daha çox ot tədarükü görəm.
Üzünə vurmasa da hiss edirdi ki, yoldaşı evin qapısından içəri keçəndə əllərinin boş olmasına diqqət yetirdi.
-Çox yorğunam. Bu gün bir stəkan su da işməmişəm.
-İş tapmışdın? -deyə yoldaşı əlindəki çaydanı odun sobasının üstünə qoydu.
-Hə, bir nəfər məni ağac budamaq üçün bağa apardı. Zalım oğlu elə məni iş başına qoyub, o yox olan oldu. Yorulmağım cəhənnəm, bircə stəkan qaynar çay ehtiyacından bütün günü boğazım qurudu.
-Bu saat qaynasın, dəmləyəcəm.
Gözucu sobanın yanındakı yaş söyüd budaqlarına baxdı.
-İşi qurtarmamışam. Sabah yekunlaşdırım, pulumu alan kimi qazı açdıracam.
Borcu ilə əlaqəli sayğacdan bağlanan qazın yenidən qoşulması üçün işinə görə alacağı pulla yola verəcəyinə əminliklə inamı yoldaşına da siyarət etmişdi.
-Bura bax! Bəs…
-Yatıb
-Belə tez?
Yoldaşı gülümsəyərək:
-Dərsdən gələni ağlayır. Kimsə deyib ki, uşaq sayı az olduğundan bu il məktəbimizi bağlayacaqlar.
-Çağır qalxsın ayağa. Sabah onun üçün mütləq hədiyyə alacam.
-Vallah günortadan bura başını qatmaq üçün demədiyim söz qalmayıb. Demişəm ki, sabah ad günündür. Sənə atan hədiyyə alacaq. Uşaq ovunmur ki ovunmur.
-Kimin ağlına gəlib, bu məktəb bağlanması?
-Nə bilim, deyirlər guya təhsil naziri deyib. -sözünə ara verib, anidən:
-Sən canın sabah onun üçün nəsə bir hədiyyə alarsan. Ayaqqabısı köhnəlib, elə ayaqqabı alsan yaxşı olar. Bəlkə qoyunlardan birini satasan…
-Sən nə danışırsan. Məşğulluqdan dönə-dönə tapşırıblar, qol çəkmişəm. Bu qoyunları satmaq olmaz.
-Maşallah, nə tez gəlmisən.
-Çalışacam ki, günortaya qurtarım.
-Budadıqlarına baxdım. Səliqəli iş görmüsən.
İnanırsan, qardaş öz işim başımdan aşır. Sən yekunlaşdır, günortaya baş çəkərəm.
-Narahat olmayın.
-Neyniyək, borcumuzdur.
-Başa düşmədim.
-Burda başa düşüləsi nə var ki? Bu bağ rəhmətlik Sədrəddin dayınındır.
-Rəhmətlik…
-Hə, nəvəsi şəhid olan. Rəhmətlik bağını qızına bağışlayıb.
-Yoldaşı…
-Hə, yoldaşı şəhid olan. O da körpə uşaqlıdır. Elə qohum-qonşu baxır. Bağdır da. Vallah bir az baxımsız qalsa məhv olub gedəcək.
-Düz deyirsiz. Baxmaq lazımdır. Hamımızın borcudur.
Budadığı budaqları bağın kənarına yığdı. İş sahibi gələnə qədər getmək istəyi alınmad. Qapıda üz-üzə gəldilər.
Təkidinə baxmayaraq pul götürmədi.
-Kömək etmək hamımızın borcudur-deyib, xüdafizləşdi.
Başında cürbəcür qayğılar həyət qapısına çatdı. Əlini uzadıb, qapını açmağa tərəddüd edirdi. Bilirdi ki, yoldaşı nə qədər üzə vurmasa da gözucu onun boş əllərinə baxacaq.
Nə isə xatırlayıb, acı-acl dodağı qaçdı. Ağlından hardansa, lap çoxdan eşitdiyi əli ətəyindən uzun deyiminin indiki halı ilə üst-üstə düşdüyünü elə bu günümə deyiblər keçdi.
Könülsüz-könülsüz qapını açıb, qoyunların küzü tərəf addımladı. Yabanı götürüb, taya sarı çevrildi.
Payalar arasına keçirdiyi ota görə qoyunlar az qala dava salırdılar. Kərə qoyun isə ota yaxın gəlmədən mələyirdi. Heyvanın qəribə hərəkətindən çaş-baş qaldı. Yaxınlaşanda qoyunun yanında yenicə doğulmuş quzunu görcək sevindi.
Quzunu qucağına götürüb, evə tərəf apardı. Qoyun da mələyə-mələyə arxasınca evin qapısınacan gəldi.
Yoldaşının təəccübünə əhəmiyyət vermədən:
-Çağır dursun! Ona quzu gətirmişəm.
Ad günü hədiyyəsi.
Pərviz Yəhyalı
Gununsesi.info