ABŞ Ukraynaya yardımı dayandırır – Avropa İttifaqından ÇAĞIRIŞ

ABŞ-ın Ukraynaya yardımı nəzərdə tutmayan müvəqqəti büdcəni qəbul etməsi Vaşinqtonun Kiyevə davamlı dəstəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cozef Borrel deyib.

“[Amerika prezidenti Co Bayden administrasiyasının fəal iştirakına baxmayaraq, bu (müvəqqəti büdcənin qəbulu – red.) bu ölkənin (Ukrayna – red.) ABŞ-dan gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənliyi artırır”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-dakı bu vəziyyət Kiyevə yardım göstərmək baxımından Aİ-nin üzərinə daha böyük məsuliyyət qoyur.

Oktyabrın 1-də ABŞ prezidenti Co Bayden Konqresin hər iki palatası tərəfindən federal hökumətin maliyyələşdirilməsinin 45 gün, yəni noyabrın 17-dək uzadılması haqqında qanunu imzalayıb. Sənəddə Ukraynaya yardım göstərilmir. Beləliklə, ABŞ-da hökumətin bağlanmasının qarşısı alınıb. Bu, yüz minlərlə dövlət qulluqçusunun maaşlarının verilməməsinə, məcburi ödənişsiz məzuniyyətə və işdən çıxarılmasına, həmçinin bir çox dövlət proqramlarının dayandırılmasına səbəb ola bilər.

Qranada (İspaniya) Avropa Siyasi Birliyinin sammitinə gəldikdən sonra, Borrell bildirib ki, Aİ Ukraynaya ABŞ-ın dayandırdığı yardıma görə kompensasiya verə bilməyəcək, ona görə də Brüssel Vaşinqtonun bu qərara yenidən baxmasını və Kiyevə dəstəyi bərpa etməsini gözləyir.

Səid Əhmədli
Gununsesi.info