ABŞ prezidenti Baydendən Konqresə Türkiyə məktubu

ABŞ prezidenti Co Baydenin Türkiyəyə 20 milyard dollarlıq F-16 satışına razılıq verilməsi üçün Konqresə məktub göndərdiyi məlum olub

Türkiyə İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra ABŞ prezidenti Co Bayden F-16-ların satışı ilə bağlı addım atıb.

Gununsesi.info xəbər verir ki, “Reuters”in məlumatına görə, Bayden administrasiyası məsələ ilə bağlı ABŞ Konqresinə məktub göndərib. Məktubda Türkiyəyə 20 milyard dollar dəyərində F-16 təyyarələri və modernizasiya dəstlərinin satışına razılıq verilməsi istənilib.

Məsələni üç fərqli mənbəyə əsaslandırdığını bildirən beynəlxalq xəbər agentliyi satış planlarının hələlik Konqresə bildirilmədiyini yazıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bu gün verdiyi açıqlamada Co Bayden administrasiyasının Türkiyənin F-16 donanmasını modernləşdirməsini dəstəklədiyini bildirib. “Lakin biz də etiraf edirik ki, ABŞ Konqresinin əsas rolu var”, – sözçünün müavini deyib.

“Anadolu” agentliyinə danışan ABŞ rəsmisi bildirib ki, “Bayden Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr komitələrinin sədrləri və üzvlərinə müraciət edərək, Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolları təsdiq etməsini alqışlayıb”. “Proses başa çatan kimi F-16-ların Türkiyəyə satışı ilə bağlı Konqresə rəsmi məlumat vermək niyyətindədir”, – deyə o əlavə edib.

Rəsmi həmçinin, “Prezident Konqresi F-16-ların satışını gecikdirmədən prosesi irəlilətməyə təşviq etdi” deyə qiymətləndirib.

İsveçin Türkiyə Böyük Millət Məclisində (TBMM) NATO üzvlüyü ilə bağlı protokolların təsdiqindən sonra Vaşinqton administrasiyasının yaxın vaxtlarda Türkiyəyə F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərəcəyi gözlənilir.

Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verərək NATO-nun genişlənməsinə dəstək olub-olmayacağı ilə bağlı müzakirələrdə Türkiyənin 20 milyard dollar dəyərində F-16 döyüş təyyarələri və 79 modernizasiya dəsti almaq istəyinə ABŞ-ın razılıq verib-verməyəcəyi məsələsi gündəmə gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmasından bir gün sonra Ağ Ev Konqreslə məsləhətləşərək F-16-ların Türkiyəyə təhvil verilməsi prosesini irəli sürəcəyini açıqlayıb.

Ərdoğan oktyabr ayında İsveçin NATO müraciətini dəyərləndirmək üçün parlamentə göndərsə də, F-16-ların təsdiqini İsveçin üzvlük müraciətinin təsdiqi ilə əlaqələndirdiyini açıq şəkildə ifadə edib.

Türkiyə 2021-ci ildə F-16-ların alınmasını istəyib, lakin ABŞ Konqresinin “NATO-nun genişlənməsini gecikdirdiyi və insan haqları sahəsində pis vəziyyəti” səbəbiylə etirazları ilə üzləşib. Türkiyə o vaxtdan F-16-lar əvəzinə “Eurofighter” təyyarələri almağı düşünür.

Gununsesi.info