Yol qəzasından həlak olan Kamil Nəcəfovun ailəsi şikayətçidir

  • By ilhame
  • 27 Yanvar 2024 13:19

Ötən il dekabrın 31-də Suraxanı rayonu Heydər Əliyev prospektindəki qəza nəticəsində həlak olan Kamil Nəcəfovun ailəsi hadisənin düzgün araşdırılmadığını düşünür.

 

Gununsesi.info xəbər verir ki, Qafqaz.info-ya müraciət edən ailə bildirir ki, “BMW” və “Azsamand”ın toqquşması nəticəsində baş verən qəzadan 26 gün keçməsinə baxmayaraq, onu törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Bakı sakini Hüseynov Turqay Müşfiq oğlu hələ də tutulmayıb.

 

Onların iddiasına görə, T. Hüseynov sükan arxasında içkili vəziyyətdə olub: “Hadisə şahidləri deyirlər ki, avtomobildə 4 nəfər olub. Qonşumuz da şahiddir. Onun sözlərinə görə, o qədər içkili olublar ki, özlərinə kömək lazım imiş. Hətta sosial şəbəkələrdə videoya şərh yazanlar da qəzanı törədən şəxsin avtomobili sürətlə idarə etdiyini, digər maşınlara maneə törətdiyini yazırlar. Turqay Hüseynovun ailəsi ilə telefon danışığı olmuşdu və onlar onun içkili olduğunu danmırlar. Amma yazılan rəydə hadisəni törədən şəxsin içkili olmadığı qeyd edilib. Bu qədər şahid olduğu halda və sürücünün atası belə içkili olmadığını əminliklə demədiyi bir təqdirdə necə olur ki, içkisiz olduğu barədə rəy verilib? İçkili halda bu hadisəni törədib hələ də azadlıqda gəzir”.

Gununsesi.info