
Geridə qoyduğumuz 2022-ci il dünyada xüsusilə siyasi, humanitar, hərbi sahələr daxil olmaqla, bir çox mühüm hadisələr ilə yadda qaldı. Bu il baş verən və dünyanın gündəminə çevrilən əsas hadisələri bir daha xatırlayaq.
Gununsesi.info xəbər verir ki, ilin ilk mühüm hadisəsi yanvarın 2-si Qazaxıstanda maye qazın bahalaşmasına qarşı ölkədə kütləvi etiraz aksiyalarının başlaması olub. Ölkə rəhbərliyinin qiymətləri endirməsinə baxmayaraq, iğtişaşlar səngiməyib. Buna cavab olaraq, yanvarın 6-sı KTMT Qazaxıstanda vəziyyəti sabitləşdirməyə kömək etmək üçün sülhməramlı qüvvələrini ölkəyə göndərib. İğtişaşlar zamanı 164 nəfər həlak olub, daha 2265 nəfər isə yaralanıb.
Fevralın 21-i isə Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın “Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınmasına dair fərman imzalanması ilə yadda qalıb. Bunun ardınca isə fevralın 24-ü Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Müharibə zamanı Rusiya Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq edib. Hər iki ölkə müharibə zamanı minlərlə itki verib. Məhz fevral ayında Ukrayna Rusiya ilə diplomatik əlaqələrini kəsdiyini açıqlayıb. Hazırda müharibə davam edir. BMT-nin son məlumatına görə, müharibə zamanı Ukraynada 6884 dinc sakin həlak olub. Həlak olanlar arasında 429 uşaq var.
Martın 3-ü Gürcüstan və Moldova Avropa İttifaqına üzv olmaq üçün ərizələrini təqdim edib.
Martın 12-si isə Türkmənistanda keçirilən prezident seçkilərində Sərdar Berdiməhəmmədov qalib gəlib.
Ermənistanda isə martın 13-ü Vaaqn Xaçaturyan ölkə Prezidenti olaraq fəaliyyətə başlayıb. O, bu vəzifədə yanvarın 23-ü istefa verən Armen Sarkisyanı əvəz edib.
Aprelin 24-ü Fransada prezident seçkilərinin ikinci turu baş tutub və seçkinin nəticəsinə uyğun olaraq Emmanuel Makron yenidən ölkə Prezidenti seçilib.
Mayın sonunda Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi olaraq alyansa öz müraciətlərini təqdim edib. Hər iki ölkə Ukraynada müharibə başladıqdan sonra belə bir qərara gəlib.
İyul ayı dünyada bir neçə hadisə ilə yadda qalıb. Bu hadisələrin birincisi iyulun 7-si Böyük Britaniyanın Baş naziri Boris Consonun istefa verməsini açıqlaması olub.
İyulun 8-i isə Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı güllələnib. İyulun 12-si Abenin ailə üzvləri və yaxın dostlarının iştirakı ilə dəfn mərasimi baş tutub. Abe 41 yaşlı Teçuya Yamaqami adlı şəxs tərəfindən güllələnib.
Sentyabrın əvvəli isə Böyük Britaniyada baş verən hadisələr uzun müddət müzakirə mövzusuna çevrilib. Belə ki, sentyabrın 5-i Liz Trass Britaniyanın yeni Baş naziri təyin olunub. Buna baxmayaraq, bu vəzifədə uzun müddət qala bilməyən Trass 44 gündən sonra istefa verib.
Bununla belə, Britaniyada il ərzində ən çox gündəmə çevrilən mövzu sentyabrın 8-i kraliça II Elizabetin 96 yaşında dünyasını dəyişməsi olub. Bunun ardınca, onun oğlu Çarlz ölkənin Kralı elan olunub.
Oktyabr ayı isə Krım körpüsündə yük avtomobilinin partladılması və Türkiyənin Bartın şəhərində mədəndə partlayış baş verməsi ilə yadda qalıb. Belə ki, Krım körpüsündə baş verən hadisədə 4, Bartındakı partlayışda isə 41 nəfər həlak olub.
Noyabrın sonu və ümumilikdə dekabr ayı isə bütün dünyanın diqqəti Qətərdə keçirilən futbol üzrə dünya çempionatına yönəlib. Noyabrın 20-si başlayan çempionat dekabrın 18-i Fransa və Argentina yığmaları arasında keçirilən final oyunu ilə başa çatıb. Finalda qalib gələn Argentina dünya çempionu olub.