20 ildən sonra ilk səfər: Bəşər Əsəd Çinə gedir

  • By resul
  • 20 Sentyabr 2023 11:17
bəşər əsəd

Suriya böhranında Dəməşqin ən böyük dəstəkçilərindən biri olan Çin bu həftə Suriya prezidenti Bəşər Əsədi qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, Suriya tərəfi Əsədin Çin lideri Si Cinpin tərəfindən dəvət edildiyini açıqlayıb. Məlumatda Əsədin yüksək səviyyəli rəsmilərdən ibarət Suriya nümayəndə heyəti ilə cümə axşamı Çinə səfər edəcəyi bildirilib. Suriya Prezident Adminstrasiyası Bəşər Əsədin Çinə səfəri zamanı onu həyat yoldaşı Esma Əsədin müşayiət edəcəyini açıqlayıb.

Qeyd edək ki, Suriyada Əsədi dəstəkləməyə davam edən və ötən mart ayında Səudiyyə Ərəbistanı ilə İran arasında razılaşmaya vasitəçilik edən Çin Yaxın Şərqdəki təsirini tədricən artırır. On milyardlarla dollara başa gələcəyi gözlənilən Suriyanın yenidən qurulmasında Çinin də mühüm rol oynaya biləcəyi düşünülür.

Ötən il Suriya inkişaf etməkdə olan regionlarda infrastruktur layihələrini həyata keçirmək üçün Çinin “Bir kəmər və yol” təşəbbüsünə qoşulub.

Suriyada dərinləşən iqtisadi böhran ölkənin rejimin nəzarətində olan bölgələrində etirazlara səbəb olur. Dəməşq bu böhrana görə, Suriyanın ən böyük neft yataqlarına nəzarət edən Qərb ölkələri və ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin tətbiq etdiyi sanksiyaları məsuliyyət daşıyır.

Əsədin indiyədək Çinə yeganə səfəri 2004-cü ildə olub. ABŞ-ın İraqı işğalından bir il sonra həyata keçirilən bu səfər Vaşinqtonun Dəməşqə təzyiq göstərdiyi dövrə təsadüf edib.

Suriya ilə digər ərəb ölkələri arasında diplomatik əlaqələr fevralın 6-da baş verən zəlzələlərdən sonra intensivləşib. Əsəd keçən may ayında Suriyanın yenidən Ərəb Liqasına qəbul edilməsindən qısa müddət sonra Səudiyyə Ərəbistanında keçirilən 22 üzvlü regional təşkilatın sammitində iştirak edib.

Əsəd son illərdə Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Oman kimi ölkələrə də səfər edib.

Səid Əhmədli
Gununsesi.info