
17 ildir Azərbaycanda 100 minlərlə vətəndaşa çatacaq milyonlarla vəsait onlara verilməyib…
“Yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsidə yazılır ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
Elə həmin Qanunun 1-ci maddəsində həm də yazılır ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Burdan açıq şəkildə başa düşürük ki, yaşayış minimumunun məbləği bir insanın insan kimi yaşaya bilməsi üçün lazım olan minimum vəsait deməkdir.
Məsələn, bu il Azərbaycanda yaşayış minimumu 210 manat olub. Yəni, qanun və elmi normalar deyir ki, ayda 210 manatdan az xərcləyənlər (yemək, geyim, təhsil və s.) yaşasalar belə insan kimi yaşamırlar…
“Yaşayış minimumu haqqında” qanunun 5-ci maddəsində həmçinin qeyd olunur ki, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. Yəni, ehtiyac meyarı da yaşayış minimumundan aşağı ola bilməz.
Amma və lakin, analoqu olmayan ölkəmizdə uzun illər ehtiyac meyarı yaşayış minimumundan aşağı olub. Yəni, ünvanlı sosial yardım ehtiyac meyarına görə verildiyi üçün 100 minlərlə insan bu ölkədə insan kimi minimum tələbatlarını ödəyə bilməyib.
P.S. 17 ildən sonra deyəsən kiminsə yadına düşüb ki, illərdir Qanunun tələbləri pozulur. Gələn ildən ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumu səviyyəsində olacaq.
Allahverdi Aydın
Gununsesi.info