Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti fonunda bu qurumla əməkdaşlıq əlaqələrinin dayandırılması və Avronest Parlament Assambleyasında üzvlüyə xitam proseduruna başlaması siyasi baxımdan əsaslı addımdır.
Bu sözləriGununsesi.info-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev bildirib.
Onun sözlərinə görə, buna səbəb, Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsində Azərbaycanla bağlı irəli sürülən qərəzli iddialardır. Qətnamədə Qarabağ ermənilərinin geri dönüşü, erməni əsilli məhkumların “müharibə əsiri” kimi təqdim olunaraq azadlığa buraxılması və guya mədəni-dini irsin məhv edilməsi kimi məsələlər yer alıb.
Turan Rzayev qeyd edib ki, Qarabağdan köç edən erməni sakinlər bölgəni öz seçimləri ilə tərk ediblər. Bakı reinteqrasiya prosesi elan etsə də, onlar başqa istiqaməti seçiblər. O vurğulayıb ki, saxlanılan erməni əsilli şəxslər beynəlxalq hüquqa uyğun şəkildə mühakimə olunub və onların cinayətləri sübutlarla təsdiqlənib.
Şərhçi əlavə edib ki, Qarabağda aparılan genişmiqyaslı bərpa işləri fonunda mədəni irsin dağıdılması ilə bağlı iddialar da əsassızdır. Əksinə, Azərbaycan işğal dövründə dağıdılmış tarixi və dini abidələri bərpa edir.
Rzayevin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh danışıqları, delimitasiya və demarkasiya prosesi davam etdiyi bir vaxtda Avropa Parlamentinin belə qətnaməsi bölgədə normallaşmaya deyil, gərginliyə xidmət edir.
O, həmçinin hesab edir ki, bu cür addımlar sülh prosesindən narahat olan müəyyən dairələrin, xüsusilə erməni diasporunun təsiri ilə bağlıdır. Turan Rzayev vurğulayıb ki, rəsmi Bakının reaksiyası adekvatdır və Ermənistan da diaspor təsirlərinə qarşı daha məsuliyyətli mövqe sərgiləməlidir.
Orxan











