Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə keçiriləcək görüş təxirə salınıbş.
Gununsesi.info -ya danışan Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib:

“ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüş Vaşinqton tərəfindən təxirə salınıb. Görüşün təxirə salinması əsasən Rusiyanın Ukrayna ilə bağlı irəli sürdüyü şərt göstərilir. Kreml atəşkəs müqabilində Donbas bölgəsinin Rusiyanın nəzarətinə verilməsini təklif edib. Bu təklif nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO və Ukrayna tərəfindən qəbul olunmur.
Donald Tramp isə, təmas xətti boyunca heç bir ərazi şərti irəli sürülmədən atəşkəsin əldə olunmasını təklif edib. Lakin Moskva bu mövqeyə müsbət yanaşmadığından, danışıqların davam etdirilməsinə ehtiyac qalmayıb.
Ümumilikdə, ABŞ və Rusiya arasında Ukrayna məsələsində diplomatik razılaşmanın əldə olunması hələlik mümkün görünmür. Trampın Putinə görüşdən imtina etməsi də məhz nəticəsiz perspektivlə bağlıdır.
Əgər Budapeşt görüşü baş tutsaydı belə, onun Alyaska danışıqları kimi nəticəsiz qalacağı ehtimal olunurdu. Bu cür nəticə Tramp administrasiyasının mövqeyinə mənfi təsir göstərə bilərdi. Bununla yanaşı, belə görüşlərin keçirilməsi isə daha çox Vladimir Putinin maraqlarına xidmət edir”.
Siyasi ekspertin fikrincə görüşün təxirə salınmasından sonra ABŞ-ın Ukraynaya hərbi yardımları artırması və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi gözlənilir.
“Rusiyanın zəifləməsi Azərbaycanın geosiyasi mövqelərini gücləndirir. Bununla yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir siyasi nizam yaranır”-deyə ekspert əlavə edib.
Onu da qeyd edib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edib.Bu barədə Xəzinədarlıq Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Bugünkü sanksiyalar Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoyl”u hədəf alır”, – bəyanatda deyilir.
Firuzə













