Əli Əliyevin cəzası artırıldı

  • By admin
  • 15 Aprel 2022 20:49

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası artırılıb. Aprelin 15-də Yasamal rayon Məhkəməsində onun haqqında yeni hökm çıxarılıb.

 

Gununsesi.info-nun xəbərinə görə, bu dəfə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında qaldırdığı şikayət əsasında ona 5 ay həbs cəzası təyin edilib. Bu cəza onun haqqındakı 5 aylıq əvvəlki cəza ilə birləşdirilib və 6 ay azadlıqdan məhrum edilib.

Partiya sədri, bundan öncəki hökmdə olduğu kimi, bu dəfə də CM-in 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinib.

VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir. Həmin gün Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında onun haqqında hökm çıxarılmışdı.

Partiya sədri Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da qəzaya uğrayan helikopterindən sağ çıxdığı bildirilən iki zabitin əslində hadisə vaxtı orada olduqlarına inanmadığını deməklə onlara böhtan atmaqda təqsirli bilinib.

 

Gununsesi.info